Anti-terror Mərkəzi: MDB ölkələrində terror təhlükəsi yüksəkdir

Anti-terror Mərkəzi: MDB ölkələrində terror təhlükəsi yüksəkdir
  05 Oktyabr 2017    Oxunub:2499
“Ekspertlərin hesablamalarına görə, MDB dövlətləri üçün terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır”.
AzVision.az xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bunlardan ən narahatedici məqam beynəlxalq terror təşkilatlarının emissarları tərəfindən Birlik ölkələri vətəndaşlarının aktiv cəlbetmə fəaliyyətidir. Bu gün internet məkanından MDB dövlətləri vətəndaşlarının həm terrorçuluqda iştirakına çağırış, həm də etiraz fəaliyyətinə cəlb edilməsi üçün istifadə olunur və onların radikallaşması və müxtəlif xarakterli tapşırıqların yerinə yetirilməsi işində istifadə edilir. Belə ki, hazırkı araşdırmalara görə, 2014-cü ildən 2017-ci ilədək internet şəbəkəsində ekstremist məzmunlu materialların sayı altı dəfədən çox artıb.

MDB-nin Terror Əlyehinə Mərkəzinin apardığı təhlillər göstərir ki, Birlik ölkələrində girişi qadağa qoyulan internet resurslarının 90 faizdən çoxu MDB hüdudlarından kənarda idarə olunur. Sosial şəbəkələr və müxtəlif mobil platformalar beynəlxalq terror təşkilatları tərəfindən münaqişələrin qızışdırılması və təhrikçilik üçün istifadə edilir. Bundan başqa, idarə edilən etirazçılar qrupu küçələrə çıxarılır, qeyri-qanuni hərəkətlərə, hüquq mühafizə orqanları ilə toqquşmalara təhrik edilir.

Ekspertlər qeyd edirlər ki, yeniyetmələr və gənclər arasında yeni növ cəlbetmə və şifrələnmiş mobil əlavələr və mesencerlərlə idarə olunan sosial şəbəkələr vasitəsilə radikal qrupların yaradılması prosesi gedir. Mütəxəssislərin qiymətləndirməsinə görə, hazırda distant cəlbetmə fəaliyyəti texnologiyalarından istifadə fərdiləşdirilmiş terrorizmin inkişafına şərait yaradan əsas amildir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Terror   MDB  





Xəbər lenti