Deputatdan Təhsil Nazirliyinə irad: “Bu səhvi bağışlamaq olmaz”

Deputatdan Təhsil Nazirliyinə irad: “Bu səhvi bağışlamaq olmaz”
  09 Oktyabr 2017    Oxunub:8287
Xəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.
Belə ki, həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən etirazlara səbəb olub. Həmin dərsliyin müəllifləri sərt tənqid edilib. Təhsil Nazirliyi açıqlama yayaraq dərslikdə kobud səhvə yol verildiyini etiraf edib. Nazirlik bəyan edib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib"- nazirliyin məlumatına bildirilib.

Tarixçi professor, millət vəkili Musa Qasımlı AzVision.az-a açıqlamasında bildirib ki, dərsliklərdə bu cür tarixi səhv buraxmaq ciddi nöqsandır:

"Yaranmış qeyri-normal şəraitdə bir neçə ciddi sual yaranır: Dərsliyin orijinalı olan Azərbycan dilindəki və tərcümə edilmiş gürcü dilindəki variantlarında həmin üzdəniraq, qondarma xəritə olmadığı halda rus variantına necə daxil edilib? Bu işi kim, hansı məqsədlər üçün edib? Axı, həm dərsliyi yazanlar və həm də Təhsil Nazirliyi tarixdə "Böyük Ermənistan" adlı bir dövlətin olmadığını yaxşı bilirlər. Dərslik işi ilə məşğul olan peşəkarlar da yaxşı bilirlər ki, dərslik yazılması və nəşrində qəbul edilmiş ümumi bir qayda var. Dərsliyin bütün dillərdə olan variantlarının elmi redaktorları nəşrə gedən varianta (həm mətnə, həm şəkillərə, həm sxemlərə, həm də xəriətələrə və s.) tarixi göstərib, imza atmayınca, heç bir nəşriyyat onu qəbul etməz və nəşri üçün məsuliyyəti öz üzərinə götürməz”.

Tarixçi-deputat hesab edir ki, tarix dərsliyinə qondarma xəritənin salınmasının məkrli məqsədlərə xidmət etməsi istisna deyil. Millət vəkili səhvə yol verən müəlliflərin cəzalanırılmasını tələb edib.

“Hadisənin məkrli məqsədlərlə edildiyini də istisna etmirəm. Bu barədə müəyyən mülahaizələrim olsa da, fikir yürütmək istəmirəm. Hesab edirəm ki, Təhsil Nazirliyi mövcud halı ciddi şəkildə araşdırmalı və digərlərinə ibrət olmaq, gələcəkdə belə kobud səhvlərə yol verməmək üçün təqsiri olanları sərt şəkildə cəzalandırmalı, dərslik yazılması üçün keçiriləcək tender prosesinə yaxın buraxmamalıdır. Çünki belə hallar sonda ictimai rəyi zədələyər və daha ağır proseslərə gətirə bilər. Unutmaq lazım deyil ki, dərslik yazmaq və nəşr etdirmək dövlət siyasəti olduğundan bu prosesin başlanğıcından sonunadək bütün mərhələlərində iştirak edənlərin hamısında məhz dövlətçilik məfkurəsi olmalıdır. Həmin şəxslər yad məlumatların və materialların təsiri altına düşməməlidirlər".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Musa-Qasımlı   Deputat   Dərslik  





Xəbər lenti