Ermənistan ordusunda kütləvi ixtisarlar: “Bizə təpik vurub, küçəyə atırlar”

Ermənistan ordusunda kütləvi ixtisarlar: “Bizə təpik vurub, küçəyə atırlar”
  12 Oktyabr 2017    Oxunub:5039
Ermənistanın Vanadzor şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və mülki işçilər həyacan içindədirlər.Onlar hər an işlərini itirmək qorxusu yaşayırlar.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinə məxsus bütün hərbi hissələrdə kütləvi ixtisarların başlaması haqda məlumatlar yayılıb.
“Hər kəsi - fəhlə və mülki işçiləri süpürüb küçəyə atmaq barədə qərara gəliblər. Hərbçilərə digər şəhərlərdə iş təklif etsələr də, onlar razı olmayıblar. 100 min dram müqabilində başqa şəhərlərdə kirayə qalmaq, digər xərcləri təmin etmək mümükün deyil”- deyə mənbə erməni KİV-lərinə bildirib.

Məlumatlara görə, Ermənistanda yerləşən hərbi hissələrdə optimallaşdırma işləri çoxdan başlayıb. Nəticədə hər bir hərbi hissədən 30-50 nəfər ixtisara düşüb. Vanadzorda yerləşən hərbi hissələrdə isə 200-300 nəfər ixtisara salınıb.

Mülki işçilərin sözlərinə görə, onların işdən azad edilməsi barədə xəbərdarlıq edilib. Bildirilib ki, 20 oktyabr tarixində ixtisarlarla bağlı əmr veriləcək.

"Biz 60-80 min dram maaş alan fəhlələrik. Bu yiyəsiz şəhərdə iş yoxdur. Qapının ağzına qoyub arxamızdan bir təpik vururlar ki, hara istəyirsən get. Bizi küçələrə və Rusiya çöllərinə atırlar. Gümrüdə bu iş artıq başa çatıb, indi də Lori vilayətinə keçiblər. Xahiş edirik, bunun qarşısını almaq üçün tədbir görün"- deyə mülki işçilər bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti