Ermənistanda mətbuata təzyiqlər artıb

Ermənistanda mətbuata təzyiqlər artıb
  12 Oktyabr 2017    Oxunub:1641
Ermənistanda on gün ərzində iki jurnalistə hücum edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Jurnalist Təşkilatları bəyanat yayıb. Qeyd olunub ki, 7 oktyabr tarixində Vayotsdzor vilayətinin Şatin kəndində yerləşən tibb mərkəzində “armday.am” xəbər portalının müxbiri Paylak Fərhadyana zor tətbiq edilib. Onun qanuni fəaliyyətinə maneçilik törədilib.

Belə ki, tibb müəssisəsinin direktoru Zoya Martirosyandan müsahibə alan jurnalist pulsuz dərmanların veriməsində və digər pulsuz xidmətlərin əvəzində pul tələb edilməsi ilə bağlı redaksiyalarına müraciətlərin daxil olduğunu bildirib. Baş həkim jurnalistin sualına cavab vermək əvəzinə onun üzərinə hücum edib. Bundan başqa baş həkimi müşayiət edən həmin vilayətin Karaqlux yaşayış məntəqəsinin rəhbərinin arvadı da sakit dayanmayıb və jurnalistin kamerasını əlindən almaq istəyib.

Hər iki şəxs jurnalistdən videogörüntüləri silməyi tələb edib və xəstəxanın qapısını bağlayıblar. Lakin jurnalist polisə zəng edə bilib və görüntüləri silməyib. Artıq faktla bağlı cinayət işi açılıb. Ermənistanın ictimai təşkilatları bəyanat yayaraq hüquq mühafizə orqanlarından ədalətli və hərtərəfli araşdırma aparılmasını tələb ediblər.

Xatırladaq ki, İrəvanada jurnalistə qarşı birinci hücum 29 sentyabr tarixində baş verib. Belə ki, Vanadzor şəhərində “Lori” televiziyasının baş redaktoru Narine Avetisyan zorakılığa məruz qalıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti