Erməni əsgər anası: “Apreldə uşaqlarımızı atəş altına atdılar”

Erməni əsgər anası: “Apreldə uşaqlarımızı atəş altına atdılar”
  14 Oktyabr 2017    Oxunub:5140
Ermənistanda dövlət tərəfindən aldadılan daha bir əsgər anası etiraz edib. Anna Qriqoryanın sözlərinə görə, oğlu Levon Bağramyan orduya çağırılarkən İrəvan İqtisadiyyat Universitetinin birinci kurs tələbəsi olub. O, döyüşdə artilleriyaçı kimi, işğal altında olan Cəbrayılda yerləşən qanunsuz hərbi hissələrin birində xidmət edib. Qriqoryan oğlunun aprel döyüşlərində iştirak etdiyini bildirib.
Etiraz edən əsgər anası oğlu Levonun 2017-ci ildə vəzifəsini başa vurduqdan sonra, təhsilini davam etdirmək qərarına gəldiyini urək ağrısı ilə xatırlayır. Belə ki, Levon aprel döyüşlərinin iştirakçısı kimi təhsil haqqının güzəştli olduğunu eşitdikdən sonra Eçmiədzin hərbi komissarlığına və universitet rəhbərliyinə müraciət göndərib.

Onun aprel döyüşlərində iştirakı haqqında məlumat almaq üçün, hərbi komissarlıq Cəbrayılda yerləşən qanunsuz hərbi birləşmələrin ünvanına sorğu göndərib. Cavabında döyüş başlayan günü onların bölməsinin təmas xəttindən çıxarılaraq hərbi hissənin daimi yerləşmə yerinə gətirildiyi haqqında məlumat verilib. Lakin, döyüşlərin başlamasından bir saat keçməmiş onun yenidən ön xəttə çıxarıldığı qeyd edilməyib.



"Başa düşmürəm müharibədə 1 saat sonra və ya atış başlayarkən iştirak etməyin nə fərqi var? Hamı söz verir, ancaq kömək məqamında heç kim yaxın durmur. Mənim imkanım olsaydı, 575 min dram təhsil haqqını ödəyərdim, bu dövlətə möhtac qalmazdım. Dövlət elə yoxsul büdcəyə sahibdir ki, təhsil haqqını güzəşt etməklə tam iflasdan qorxurlar. Təcrübəsiz uşaqlarımızı atəş altına atanda belə demirdilər" - Qriqoryan deyib.

Məlumatlara görə, Levonun iki qardaşı var. Böyük qardaşı orduda xidmət etsə də, kiçik qardaşı hələ şagirddir.

Dövlət tərəfindən aldadılan və incidilən Anna Qriqoryan kiçik oğlunu ordudan azad etmək üçün əlindən gələni edəcəyini bildirib: "Üçüncü oğlumdan istifadə etmələrinə icazə verməyəcəyəm. Anlayıram ki, xidmət şəxsiyyətlərə görə deyil, ölkə üçündür. Ancaq bu ölkə dar anlarında bizim olur. Bu müharibədə bir şeyi başa düşdüm. Bizim hakimiyyət vətəni qorumaq haqqında düşünmürdü. Onlar öz mülkiyyətlərini itirməmək haqqında düşünürdülər. Ona görə, min dəfə heyf olsun ki, o qədər itkilərimiz oldu" –deyə Anna Qriqoryan bildirib.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Aprel-döyüşü  





Xəbər lenti