Hitlerin zabiti necə “Suriya kəşfiyyatının atası” olmuşdu – GİZLİ TARİX

Hitlerin zabiti necə “Suriya kəşfiyyatının atası” olmuşdu – GİZLİ TARİX
  18 Oktyabr 2017    Oxunub:16060
II Dünya Müharibəsi zamanı böyük cinayətlər törətmiş və uzun illər axtarışda olan keçmiş nasistlərdən biri də Alois Brunner idi. O, 130-140 min yəhudinin qətlində günahkar bilinir. Həmçinin 90 min yəhudinin Yunanıstan, Fransa və Avstriyadan Polşaya toplanmasında da böyük rol oynayıb. Brunner həm də Fransadakı “Drancy” ölüm düşərgəsinə əsas cavabdeh şəxs idi.
İkinci Dünya müharibəsi bitdikdən sonra onu ələ keçirmək mümkün olmamışdı. Adolf Ayxmanın ən yaxşı silahdaşı kimi tanınan Alois Brunner 1954-cü ildə “Qızıl Xaç” cəmiyyətinin pasportu ilə İtaliyaya, oradan isə Misirə qaçmağı bacarmış, bir müddət sonra isə Suriyaya keçmişdi. Lakin sonra həqiqət üzə çıxanda, Hafiz Əsəd onu təslim etmək istəmədi. 1996-cı ildə Brunnerin ölüm xəbəri yayılsa da, Suriyaya gedən alman jurnalistlər araşdırma apararaq, onun Şam şəhərində yaşadığını üzə çıxardılar.

Bu hadisədən sonra Brunnerin sağ olduğu bir neçə dəfə sübuta yetirilsə də, Hafiz Əsəd hökuməti heç bir halda onu təslim etmək istəməyib. 2000-ci ildə hakimiyyətə gələn Bəşər Əsəd onu həbs etdirdi, 2010-cu ildə isə Brunnerin həqiqətən də 98 yaşında Şam şəhərində vəfat etdiyi xəbəri yayıldı.



Müharibə bitdikdən sonra, 1950-ci illərdə Suriyaya qaçmağı bacaran Brunner 1960 və 1980-cı illərdə iki dəfə “Mossad” tərəfindən təşkil edilmiş sui-qəsdə məruz qalıb, lakin, hər dəfə yaralansa da, sağ qurtulmağı bacarıb.

Araşdırmaçı Bernard Levisin yazdıqlarına görə, II Dünya Müharibəsi ərəfəsində Suriya Almaniyanın kəşfiyyat və propaqanda mərkəzinə çevrilmişdi. Suriyanın Hələb, Şam, Hums kimi şəhərlərində “Allahın cənnətində, Hitlerin əmirində” yazılmış təbliğat broşurlarından istifadə olunurdu.

Brunner Suriyada olduğu müddətdə Georq Fişer adı altında gizlənmiş və Hafiz Əsədin şəxsi məsləhətçisi vəzifəsini tutmuşdu. Onun fəaliyyət dövrü Suriyadakı vətəndaş müharibəsinə təsadüf edir. Həmin savaşda 60 minədək suriyalı müxtəlif işgəncələrə qarşılaşaraq, həbsxanalarda ölmüşdü. İddia olunur ki, Hafiz Əsəd hökumətinə ən qəddar işgəncə üsullarını məhz Alois Brunner öyrədib.

Kəşfiyyat mənbələrinin üzə çıxardığı işgəncə məkanları və metodlarını araşdıran bəzi qurumlar belə qənaətə gəliblər ki, Şamda tətbiq olunan cəzalandırma metodlarının arxasında məhz nasistlərin qəddar üsulları gizlənib. Bundan əlavə, Brunner Suriya kəşfiyyatının formalaşdırılması, kadrların yetişdirilməsi,islahatların aparılmasında önəmli fiqurlardan sayılır. Elə bu səbəbdən onu “Suriya kəşfiyyatının atası” da adlandırırlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər: #Hitler   #Əsəd  





Xəbər lenti