Necdet Ünüvar Azərbaycana görə CHP-li deputatları tənqid etdi

  19 Oktyabr 2017    Oxunub : 748
Necdet Ünüvar Azərbaycana görə CHP-li deputatları tənqid etdi

“Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan üzvlərinin Azərbaycanın əleyhinə olan qətnamənin qəbuluna dair səs vermələri məyusedicidir”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AKP-li deputat Necdet Ünüvar deyib.

Onun sözlərinə görə, bu vəziyyət iki qardaş ölkə arasındakı münasibətlərə əsla xələl gətirməyəcək:

“1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Azərbaycan iqtisadi, sosial və demokratik baxımdan çox inkişaf edib. Ancaq Azərbaycanın güclənməsini istəməyənlər bunu büruzə verirlər. Ən son nümunəsini AŞ PA-nın sonuncu qətnamənin qəbulu zamanı gördük. Təəssüf ki, CHP-nin bəzi üzvləri də Azərbaycanın əleyhinə səs verib. Türkiyə və Azərbaycan beynəlxalq aləmdə dostluq və qardaşlıq hissi ilə hərəkət edərkən, AŞPA-da nümayəndə heyətimizin CHP-li üzvlərinin bu addımı məyusedicidir”.

"Qardaş ölkənin əleyhinə səs verənlər Azərbaycanın bugünkü sosial və demokratik inkişafının fərqində olsaydılar, belə hərəkət etməzdilər" - deyən Necdet Ünüvar qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlər ən üst səviyyədədir:

“Müstəqilliyinin 26-cı ildönümünü qeyd edən Azərbaycanın əleyhinə səs verənlərin davranışı iki ölkənin münasibətlərini zədələyə bilməyəcək. Əminəm ki, Bir Millət, İki Dövlət olan Türkiyə və Azərbaycan haqqında keçiriləcək görüşlərdə qardaş həmrəyliyinin ən gözəl örnəklərini görəcəyik. AK Partiya olaraq, bütün platformalarda hər zaman Azərbaycanın yanında olmuşuq, olmağa davam edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Türkiyə   AŞPA