Salyanda Qadın Resurs Mərkəzi təsis edilib

Salyanda Qadın Resurs Mərkəzi təsis edilib
  20 Oktyabr 2017    Oxunub:7002
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Coca-Cola Fondunun əməkdaşlığı əsasında Salyan rayonunda yeni Qadın Resurs Mərkəzi təsis edilib.
Bu barədə AzVision.az-a BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Açılış mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Qulam İshaqzai və Coca-Cola-nın Qafqaz və Mərkəzi Asiya regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Aleksandra Akkirman iştirak edib.

Salyanda açılmış resurs mərkəzi BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı əsasında kənd qadınlarının icma həyatında öz mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə Sabirabad, Neftçala, Biləsuvar və Masallı rayonlarında açılmış qadın mərkəzləri şəbəkəsinə qoşulur.

Mərkəzlər qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.

Bugünkü mərasim zamanı doqquz qadına öz biznes fəaliyyətlərinə başlamalarına şərait yaradacaq kiçik qrantlar verilib. Eyni zamanda, peşə kurslarını bitirən 20 qadın öz diplomlarını alıb.

Neftçala və Salyan rayonlarında kənd qadınları və gənclərin iqtisadi və sosial rifahının yaxşılaşdırılması üçün Coca-Cola Fondunun irəli sürdüyü təşəbbüs əsasında BMTİP bugünədək 400 nəfər qadına iqtisadi, təhsil və sosial bacarıqlar üzrə təlim keçib. Qurum, həmçinin qadınların rəhbərlik etdiyi 28 biznes sahəsinin inkişafını dəstəkləyib, 1300 kişi və qadın arasında gender və zorakılıq məsələləri barədə maarifləndirmə tədbirləri təşkil edib, 114 gənc kənd qadını üçün peşə təhsilini təmin edib, altı kənd icması üzrə 800 qız üçün nəzərdə tutulmuş su və kanalizasiya avadanlıqlarını təkmilləşdirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti