Azərbaycanda “iPhone 8”-in satışa çıxarılacağı tarix bilindi

Azərbaycanda “iPhone 8”-in satışa çıxarılacağı tarix bilindi
  20 Oktyabr 2017    Oxunub:5131
Oktyabrın 27-i Azərbaycanda rəsmi olaraq “Apple”-in yeni smartfonu – iPhone 8-in rəsmi satışına başlanılacaq.
Bunu AzVision.az-a açıqlamasında MDB ölkələri üzrə Apple Premium Reseller layihələrinin rəhbəri Nadejda Damarad bildirib.

Damaradın sözlərinə görə, iPhone 8-in Azərbaycan üzrə rəsmi qiyməti gələn həftənin ilk iş günü açıqlanacaq.

“Yekun qiymət istehsalçının qiyməti və ölkədə mövcud olan gömrük rüsumları əsasında formalaşacaq. iPhone Х modelinin rəsmi satışlarına noyabrın üçündə ABŞ və Kanadada başlanılması nəzərdə tutulub. Biz bu modelin rəsmi olaraq Azərbaycanda dekabrın ilk on günlüyündə satışa çıxarılacağını gözləyirik”, - deyə “Apple” rəsmisi vurğulayıb.

Damaradın sözlərinə görə, hazırda “Apple” qurğularının rəsmi satış həcmi o qədər də böyük deyil, lakin şirkət brendi Azərbaycanda populyar etmək üçün aktiv şəkildə işləyir: “Brendi populyarlaşdırmağa dair əsas strategiyalardan biri rəsmi mağazaların açılmasıdır. Bu gün biz tamamilə yeni konsepsiya ilə işləyən yeni mağazanın açılışında iştirak etdik. Gələcəkdə Bakıda daha iki mağazanın açılması planlaşdırılır. Biz bu biznesi daha keyfiyyətli formada inkişaf etdirmək istəyirik. Biz istehlakçıları smartfonları Dubay və ya ABŞ-dan deyil, Azərbaycandan almaları üçün iş görürük. Çünki “Apple” smarftonlarında problem yarandığı təqdirdə onlar qurğularını rəsmi servis mərkəzində təmir edə bilərlər. Bizim Azərbaycanda B2B kanalı da daxil olmaqla pərakəndə satış seqmentində iştirakımızı genişləndirmək niyyətindəyik. Təhsil sahəsində çox aktiv şəkildə işləyirik, üstəgəl bizim şirkət “Asbis Enterprises” Azərbaycanda öz ofisini açıb”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Apple   Azərbaycan  





Xəbər lenti