Türkiyədə yeni partiya - “İyi” qalmaqalla başladı

  26 Oktyabr 2017    Oxunub : 1559
Türkiyədə yeni partiya - “İyi” qalmaqalla başladı

Türkiyədə Meral Akşenerin liderliyi ilə “İyi partiya” adlı yeni siyasi təşkilat yaradılıb.

AzVision.az xəbər verir ki, partiya müxalif mövqeyi ilə seçilir. Partiyanın şüarı "Türkiyə daha yaxşı olacaq"dır. Partiyanın quruluşu, istifadə edilən loqo və şüarlar qalmaqallı müzakirələrə səbəb olub.

Partiyanın adının Qayı boyunun bayrağından ilhamlanaraq seçildiyi deyilir. Lakin partiyanın şüarının və loqosunun Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Menderes Türelin seçki kampaniyası zamanı istifadə etdiyi loqo və şüara bənzədiyi bildirilir.

Türel 2014-cü ildə bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi olduqdan sonra seçki kampaniyasında “Menderes Türel Antalyaya iyi gələcək”, “Antalyaya iyi gələcək” şüarlarından və günəş loqosundan istifadə edib. Böyükşəhər Bələdiyyə sədri seçilən Türel bu günə qədər də həmin şüar və loqolardan yararlanıb.

Maraqlıdır ki, Meral Akşenerin yaratdığı “İyi” partiyanın loqosundakı günəşlə, Türelin istifadə etdiyi günəş loqosu da oxşardır. Eyni zamanda partiyanın sosial şəbəkələrdəki hesablarından paylaşılan ““İyi” partiya Türkiyəyə çox iyi gələcək” şüarı da Türelin şüarına bənzəyir.

Qeyd edək ki, Menderes Türel “İyi” Partiyanın istifadə etdiyi şüar və loqo ilə bağlı ətraflı açıqlama veriləcəyini bildirib.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Türkiyə   İyi