Prezident və xanımı Soyqırım abidəsinin açılışında

Prezident və xanımı Soyqırım abidəsinin açılışında
  18 Sentyabr 2013    Oxunub:1497
Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırgınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, mindən artıq kənd yandırılmış və dağıdılıb.

1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yangınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutu olub.

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılmasına qərar verib.

Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan kompleksdə 2012-2013-cü illərdə aparılan inşaat işləri artıq yekunlaşmış, Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb.

Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya-giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidə bütövlükdə brutto-betondan hazırlanmış, faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib.

Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz oldugundan xəbər verir.

Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.

19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. 1918-ci il qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiya yaratmaq barədə qərarı və komissiyanın sənədləri, 1918 -1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.

Müxtəlif qəzalarda baş verən soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırıldığı, dənizə, quyulara atıldığı üçün dəfn edilmədiyindən faciə qurbanlarının xatirəsinə zalın mərkəzində qara mərmər daş ucaldılıb.

Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb.

Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş olunur. Ekspozisiyanı müasir incəsənət nümunəsi- nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bu günün baxışı, çagdaş dövrün münasibəti kimi dəyərləndirilir.

Zalın çıxışı 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsini əks etdirən foto-şəkillərlə tamamlanır.
Muzey Kompleksinin ərazisində məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir.

Azərbaycanın dövlət rəmzi olan üçrəngli bayrağımız kompleksin ərazisində ucaldılıb.

Muzey kompleksini ziyarət etdikdən sonra Quba ictimaiyyəti qarşısında çıxış edən Prezident İlham Əliyev XX yüzillikdə Azərbaycan xalqına qarşı törədilən soyqırım aktlarından, tarixi faktlardan danışmış, bu gün dinamik inkişaf edən Azərbaycanı uğurlu gələcəyindən danışıb.

Geniş həyətyanı sahədə Qubanın rəmzi olan alma ağaclarından ibarət bağ salınıb. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq alma agacları əkiblər.

Heydər Əliyev Fondu tərəfindən 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab nəşr edilib.


Teqlər:





Xəbər lenti