Nazirlik açıqlama verdi: “Saatlar geri çəkilməyəcək”

Nazirlik açıqlama verdi: “Saatlar geri çəkilməyəcək”
  27 Oktyabr 2017    Oxunub:2770
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda bazar günü kompüter və telefonların saatlarının avtomatik olaraq geri çəkiləcəyi haqda məlumatlara aydınlıq gətirib.
Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarı ilə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarı ləğv edilib. Bu səbəbdən 2016-cı ilin mart ayından yay vaxtı tətbiq edilmir.

“Beynəlxalq təcrübəyə əsasən dünya üzrə vaxt zonalarının vahid verilənlər bazası (TZ database) Internet Assigned Numbers Authority (IANA) tərəfindən aparılır. Bu mənbə bütün proqram və avadanlıq istehsalçıları üçün əsas istinad yeridir və buradakı düzəlişlərə mütləq riayət edilir. Ölkəmizdən, o cümlədən tərəfimizdən edilmiş müraciətlərə əsasən artıq 23 mart 2016-cı il tarixində bu verilənlər bazasında Azərbaycanın vaxt zonası məlumatları düzgün göstərilib və yay vaxtına keçidin olmadığı qeyd edilib.

Hazırda əsas proqram təminatı, kompüter, server, mobil telefon və s. istehsalçılarının məhsullarında bu məqam nəzərə alınıb. Əgər hər hansı bir problem varsa, proqram təminatının yenilənməsi həyata keçirilməlidir. Həmçinin, ”tarix və vaxt” menyusundan “avtomatik” rejimin seçməməklə də bu problem aradan qaldırıla bilər”.

Qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda yay vaxtına keçid həyata keçirilmədiyi üçün oktyabr ayında saatlar geri çəkilməyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nazirlik  





Xəbər lenti