Suriyada kimyəvi silaha nəzarət məsələsi BMT-də

Suriyada kimyəvi silaha nəzarət məsələsi BMT-də
  18 Sentyabr 2013    Oxunub:1196
Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsini dəstəkləyən qətnamə BMT Təhlükəsizlik Şurasına təqdim edilib.
ABŞ, Fransa və Böyük Britaniya Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsini dəstəkləyən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib. Bu arada ordu qüvvələrinin ölkənin müxtəlif şəhərlərində həyata keçirdiyi hərbi əməliyyatlarda daha 63 nəfər həyatını itirib. Dəməşqin minatanlardan atəşə tutulması nəticəsində isə 5 nəfər həyatını itirib, 30-dan çoxu isə yaralanıb.

ABŞ, Fransa və Böyük Britaniya Suriyanın kimyəvi silahına dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib. Məlumata görə, sənəd Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşündə təqdim olunub. Bağlı qapılar arxasında keçirilən görüş 30 dəqiqə davam edib. Sənədin yaxın günlərdə nəzərdən keçiriləcəyi gözlənilir. Qeyd edək ki, ötən gün BMT-nin baş katibi Pan Gi Mun TŞ qətnaməsinin məcburi xarakter daşımasının vacibliyini qeyd edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin isə hesab edir ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan təxribat məqsədilə istifadə olunub. Onun sözlərinə görə bunun məqsədi Suriya münaqişəsinə xarici müdaxilənin olmasıdır. Çurkinin fikrincə bu sübutlar hərtərəfli araşdırılmalıdır.

Diplomat həmçinin qeyd edib ki, Rusiya tərəfi BMT-nin kimyəvi silah üzrə ekspertlərinin dərhal Suriyaya qayıtmasını gözləyir. ABŞ hökuməti isə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsində israrlıdır. Bunu prezident Barak Obama deyib. Onun sözlərinə görə buna gec və ya tez nail olunacaq. Lakin Ağ Ev rəhbəri deyib ki, hələlik əsas məqsəd suriyada kimyəvi silahı aradan qaldırmaqdır.

NATO-nun baş katibi Anders Foq Rasmussen isə bildirib ki, Amerikanın Suriyaya hərbi zərbəsi Alyansın qoşunlarının intevsiv iştirakını tələb etmir. Onun sözlərinə görə, Suriyada kimyəvi silahdan istifadə faktı təsdiqləndiyindən beynəlxalq ictimaiyyət tərəfindən təcili cavab olmalıdır.

Ölkənin daxilində isə vəziyyət gərgin olaraq qalır. Suriya insan haqqları təşkilatının məlumatına görə ordu qüvvələrinin ölkənin müxtəlif şəhərlərində rejim əleyhdarlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha 63 nəfər həyatını itirib. Hökumət qüvvələri Şebaa şəhərinə nəzarəti tam ələ alıb. Eyni zamanda Dəməşqin bir sıra məhəlləsi minaatanlardan atəşə tutulub. Bab-əs-Salam küçəsindəki ticarət mərkəzi yaxınlığında baş verən partlayış nəticəsində 5 dinc sakin ölüb, 30-dan çoxu isə xəsarət alıb.

S.Həsənova


Teqlər:  





Xəbər lenti