Türkiyədən aldığımız silahlar: “Qasırğa” İrəvanı darmadağın edə bilər - ARAŞDIRMA

Türkiyədən aldığımız silahlar: “Qasırğa” İrəvanı darmadağın edə bilər - ARAŞDIRMA
  28 Oktyabr 2017    Oxunub:44738
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Bir neçə il öncə ölkələrimiz arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə təsdiq edilib. Bununla hərbi əməkdaşlıq daha da inkişaf edib. Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində hərbçilərimiz Türkiyədə təlim və kurslarda iştirak edirlər. Son illər Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı” taktiki-uçuş təlimləri hava şahinlərimizin təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət edir. Bundan əlavə əməkdaşlıq çərçivəsində ölkəmiz Türkiyədən ən müasir silah və texnikaları alır.



Azərbaycan indiyədək Türkiyədən 122 mm çaplı “T-122 Sakarya" reaktiv atəş sistemləri idxal edib. Bundan əlavə, Azərbaycan sözügedən artilleriya sistemlərində tətbiq olunan TR-122 raketini də Türkiyədən alıb. “T-122 Sakarya" reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 km-dir. Bu isə Azərbaycan Ordusunun mövcud 9K51 "Qrad" qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən 2 dəfə çoxdur.



Ordumuzda, həmçinin ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərdən də istifadə olunur. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığı 8.4 kq, döyüş başlığının dağıdıcı radiusu isə 14 metrdir.



Son illərdə Türkiyədən aldığımız dağıdıcı silahlardan biri də 105-130 km-lik TR-300 “Qasırğa” raketləridir. Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə müvafiq təlimlər keçirilib.



KAMAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir. Bu ilin yanvar ayında prezident İlham Əliyevin Naxçıvana səfərində ölkəmizdə olan bəzi yeni silahlar nümayiş etdirilib. Orada diqqət çəkən silahlardan biri də Türkiyədən aldığımız 300 mm-lik “Qasırğa” raketləri idi.



Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. Raketin uzunluğu 5.24 metr, ağırlığı isə 585 kiloqramdır. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar.
Bununla həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür.



Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra”, ZPT və “Land Rover Defender” tipli hərbi nəqliyyat vasitəsi DSX-nın döyüş sıralarına daxil edilib. Bu döyüş texnikaları müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunub. Yüksək performansı ilə seçilən 4×4 təkər formuluna malik “Cobra” 9 nəfər heyəti daşımaq imkanına malikdir. 110 km/saat sürətlə hərəkət edən “Cobra” birbaşa 752 km məsafə qət edə bilir.



Döyüş maşını heyəti mina partlayışlarından qoruya bilir.“Cobra” tipli maşınlar DŞK tipli 12.7 mm-lik ağır pulemyot, 7.62 mm-lik yüngül pulemyot və “Skif” tipli tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb. Şəxsi heyətin, çevik qüvvələrin çətin relyefli ərazilərə daşınması üçün nəzərdə tutulan yüksək manevr imkanlarına malik “Land Rover Defender” tipli döyüş maşınları isə yüngül atıcı silahlarla silahlandırılıb.



Bu ilin avqust ayında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) inventarında yer alan bəzi silah sistemləri nümayiş olunub. Orada 4×4 təkər formuluna malik “Cobra” zirehli maşınına qurulan yeni döyüş modulu diqqət çəkib. Döyüş modulu 1 ədəd 12.7 mm çaplı NSVT pulemyotu, AQS-30 avtomatik qumbaraatan və 2 ədəd LAHAT lazer başlıqlı tank əleyhinə raketlə silahlandırılıb. Modulun üzərində hər cür hava şəraitində izləmə imkanı verən elektro-optik sistem, lazer məsafəölçən və lazer işarələyici yer alır.



Qeyd edək ki, Türkiyə bir neçə il öncə Azərbaycana yüngül atıcı silahlardan tapança və snayper tüfənglərinin satışını reallaşdırıb. 7.62×51 mm çaplı JNG-90 “Bora-12” snayper tüfəngi hazırda Azərbaycan silahlanmasında yer alır. JNG-90 “Bora-12” Azərbaycan Ordusunun əsas snayper tüfənglərindən biridir. JNG-90 “Bora-12” 1200 metr məsafədən hədəfi dəqiq vurmaq qabiliyyətinə sahib snayper tüfəngidir.



2017-ci ildə isə Azərbaycan Türkiyənin "Harp Arge" şirkətindən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silah sistemi alıb. Bu silah ilk dəfə Azərbaycana ixrac edilib. Silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır. Sistem Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib. Pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. PUA ilə idarəetmə mərkəzi arasında əlaqə sistemi pozulur.



Həmçinin sərhəd və sahil mühafizə sistemlərində Türkiyədən aldığımız “Şahingözü-OD” integrə elektro-optik, termal görüntüləmə sistemindən istifadə olunur. Qardaş ölkədən aldığımız digər termal nişangahlar da ordumuzda uğurla istifadə olunur.



Türkiyənin HAVELSAN şirkətindən aldığımız TİGES (Topçu İləri Gözətleyici Simülyatoru/ ingiliscə AFOS- Artillery Forward Observer Simulator) simulyatorundan istifadə edən zabitlərimiz öz bilik və bacarıqlarını artırırlar. Türkiyənin BMC şirkətindən aldığımız taktik nəqliyyat vasitələri, ASELSAN şirkətindən aldığımız İHTAR və “İhasavar” antidron sistemləri uğurla istifadə olunur.







Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Ordu   Silah   Texnika  





Xəbər lenti