Ermənistanda 4 əsgər özünü öldürmək istəyib

Ermənistanda 4 əsgər özünü öldürmək istəyib
  30 Oktyabr 2017    Oxunub:2088
İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusundakı acınacaqlı vəziyyətə dözməyərək xidmətdən yayınmaq məqsədilə hərbi qulluqçuların özlərinə xəsarət yetirmələri və qəsd etmələri hallarının sayı xeyli çoxalıb.
AzVision.az xəbər verir ki, bir neçə gün əvvəl hərbi qulluqçu Rafael Hakopyan özünə qəsd etmək məqsədilə qolunu kəsici alətlə doğrayıb.

Hadrut rayonunun Draxtik yaşayış məntəqəsində xidmət edən əsgər Soso Davityan isə əllərinə ağır xəsarət yetirib. Hər iki hərbçi hospitala yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir.

Digər bir hadisə isə hərbi qulluqçu Aram Gevorkyan tərəfindən törədilib. Uzun müddət dəyişilmədən daim döyüş mövqeyində saxlanılan A.Gevorkyan özünə odlu silahla xəsarət yetirməyə cəhd göstərib. Hərbi qulluqçu barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Bununla belə döyüş növbəsinə təyin edilməsi üçün şəxsi heyət çatışmadığından onu yenə də ön xətdəki mövqeyə təyin ediblər.

Son hadisə zamanı isə əsgər Karen Avetisyan ağır xidməti şəraitə tab gətirməyərək intihar etməyə məcbur olub. Ermənistan ordusunda qısa müddətdə ölüm hallarının çoxalması əsgər valideynlərinin kəskin etirazlarına səbəb olmaqla yanaşı ümumilikdə erməni cəmiyyətində narazılıq və inamsızlığın artmasına zəmin yaradır.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti