`Ramil Səfərova görə məni ittiham etdilər` - PREZİDENT

`Ramil Səfərova görə məni ittiham etdilər` - PREZİDENT
  19 Sentyabr 2013    Oxunub:978
`Hesab edirəm ki, erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır`.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında deyib.

Prezident qeyd edib ki, İrəvanın Ermənistan dövlətinin paytaxtı elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərar əsasında olub. Ona görə, hesab edirəm ki, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmalıdır. Onların bir hissəsi artıq yaradılıbdır. Ancaq hesab edirəm ki, bu məsələyə daha da ciddi diqqət verməliyik.

Prezident vurğulayıb ki, dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülüb. Yüzlərlə insan itkin düşüb. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülüb. Bu, misli görünməmiş vəhşilikdir:

`Bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. "Xocalıya ədalət!" kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir`.

İlham Əliyev bidirib ki, gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir:

`Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir. Mən xatırlayıram ki, Azərbaycan zabitini - Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul edib və mənim addımlarımı pisləyib. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarıb, azadlığa buraxıb və ədaləti bərpa edib. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edildi.
Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik`.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan Ordusu bu bölgənin - Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan müstəqillik illərində bizim üçün yaradılan imkandan tam şəkildə istifadə edibdir. Əgər müstəqillik qazanılanda Ermənistan ilə Azərbaycan arasında iqtisadi və hərbi sahədə paritet var idisə, artıq bu paritetdən çoxdan əsər-əlamət qalmayıbdır. Son 10 il ərzində böyük bir yol keçmişik. On il bundan əvvəl Azərbaycanın və Ermənistanın dövlət büdcələri təxminən eyni səviyyədə idi:

`Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50 faiz artıqdır. Yəni, biz bütün başqa parametrlər üzrə böyük üstünlük əldə etmişik - iqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bu gün biz artıq fəzaya çıxmışıq. Bizim peykimiz vardır. Bizim iqtisadi inkişafımız çox sürətlidir, o cümlədən bax, bu zonada - Quba-Qusar zonasında son illərdə çox böyük işlər görülmüşdür. Şəhərlər, kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz vardır.
Yəni, bütün bu amillər bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir. Ermənistan isə artıq öz hərəkətləri və bəyanatları ilə açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır. Qaniçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bu gün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər də tez tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcəkdir. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır".
Dövlət başçısı deyib ki, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar`.

AzVision.az





Teqlər:  





Xəbər lenti