“Utanın, xəcalət çəkin!” – Milli Şura ilə Müsavatın mitinq davası

  02 Noyabr 2017    Oxunub : 9181
“Utanın, xəcalət çəkin!” – Milli Şura ilə Müsavatın mitinq davası

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Müsavat partiyasını mitinq, piket keçirə bilmədiyinə görə ələ salıb. O, sosial şəbəkədə yazdığı statusda müsavatçıları yeni qarşıdurmaya təşviq edib.

E.Quliyevin statusu: “Mitinq keçirə bilmirlər, piket keçirə bilmirlər, yürüş keçirə bilmirlər. Və edə bilmədikləri bütün bunlara görə utanıb xəcalətdən-zaddan çəkmək əvəzinə, özlərini içərisində tünd sirkə olan "butulka" kimi aparırlar. Ehtiyatlı olun, bəylər. Çünki ehtiyat təkcə igidin yaraşığı sayılmır!”



E.Quliyevi dəstəkləyən Əli Kərimli tərəfdarları Müsavatın əleyhinə fikirlər səsləndirməyə başlayıb.



Statuslar iki siyasi qurum arasında köhnə ədavəti yenidən alovlandırıb. Müsavatçılar isə “Mitinq keçirənlər nə edib?” deyə qarşı tərəfə soyuqqanlı şəkildə cavab veriblər.

Milli Şura ilə münasibətlərinin gərgin olduğunu etiraf edən müsavatçılar bildiriblər ki, Müsavat Partiyası və digər siyasi qurumlarla məsləhətləşmələr aparılmadan mitinqlər təyin olunur. Nəticədə də aksiyalar iflasa uğrayır. Müsavatçıların Milli Şuranın mitinqlərini “stadion mitinqləri” adlandırması ilə qalmaqal böyüyüb.



Mübahisə o qədər qızışıb ki, E.Quliyev müsavatçıları özlərini “lezvalamamağa” çağırıb.



Müsavat başqanının müavini Yadigar Sadıqov isə yazdığı statusda E.Quliyevə "Hər özünə ziyalı deyən doğrudan ziyalı olsaydı, nə vardı ki" şəkilində cavab verib.



Qeyd edək ki, Müsavat partiyası Milli Şuranın keçirdiyi mitinqləri boykot edib, açıq şəkildə dəstək vermədiyini bəyan edib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Milli-Şura   AXCP   Müsavat   Qarşıdurma