Lavrov ATƏT-in baş katibinə Qarabağdan danışdı: “Hazırda aktiv iş gedir” (VİDEO)

  03 Noyabr 2017    Oxunub : 1263
Lavrov ATƏT-in baş katibinə Qarabağdan danışdı: “Hazırda aktiv iş gedir” (VİDEO)

"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər".

AzVision.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə deyib.

Onun sözlərinə görə, münaqişələrin nizamlanmasında birgə işləmək vacibdir: “Ukrayna, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) potensialından istifadə etmək lazımdır. Rəsmi Moskva bütün məsələlər barəsində hər hansı ilkin şərt qoyulmadan açıq və bərabərhüquqlu dialoq mövqeyini dəstəkləyir.

Məsələyə bu cür yanaşma hamı üçün ümumi problemlərin tənzimlənməsinə dair kollektiv qərarlar qəbul edilməsində ATƏT-in ciddi potensialından tam istifadə etməyə imkan verərdi. Bu potensialdan ilk növbədə Ukraynada və Dnestryanı bölgədə mövcud münaqişələrin tənzimlənməsinə kömək üçün, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin həlli üçün istifadə edilməlidir.

Biz Cənubi Qafqazda sabitlik yaradılması barədə Cenevrə diskussiyalarında ATƏT-in həmsədr olmasını yüksək qiymətləndirir və Balkanlarda işin təşkilinə diqqətin azaldılmamasını vacib hesab edirik. Bütövlükdə ATƏT-də fəaliyyətinin bütün istiqamətlərində dəyişikliklərin zəruri olduğu şəraitdə sizin bu məsələyə tarazlaşdırılmış yanaşmanıza çox ehtiyac var. Biz buna hər vasitə ilə şərait yaradacağıq”.

ATƏT-in baş katibi Tomas Qreminger isə bildirib ki, münaqişələr dialoq yolu ilə həll olunmalıdır: “Hesab edirəm ki, münaqişə tərəfləri arasında etimadı yaratmaq mümkündür. Lakin bunun üçün bütün ölkələrin səyləri lazımdır. ATƏT kimi beynəlxalq, inklüziv təşkilat böhranların münaqişələrə çevrilməsinin qarşısını ala bilər. Eyni zamanda ATƏT transmilli problemlərin həllinə kömək edə bilər. Hazırda bu, həmişə olduğundan daha çox vacibdir. Ona görə də mən ATƏT mandatı çərçivəsində təhlükəsizlik üzrə dialoqu bərpa etməyi və Avrasiya məkanında işi davam etdirməyi missiyam olaraq müəyyən etdim”.



İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: XİN   ATƏT