Dağıstan rəhbəri azərbaycanlı sürücüləri incidən gömrükçünü işdən qovdu

Dağıstan rəhbəri azərbaycanlı sürücüləri incidən gömrükçünü işdən qovdu
  04 Noyabr 2017    Oxunub:4196
Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan-Rusiya sərhəddindəki gömrük terminalında sürücülərdən qeyri-qanuni pul yığılması ilə bağlı mətbuatda dərc edilən xəbərlərin araşdırılmasına dair göstəriş verib.
AzVision.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, V.Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağı və bununla bağlı ona hesabat verməyi tapşırıb. O, günahkarların cəzalandırılmasını və gömrük keçid məntəqəsindən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyi qarşıya məqsəd qoyub.

Sərhəddə baş verən insidentlə bağlı artıq Moskvadan xüsusi yoxlama gəlib. Buna görə, Vladimir Vasilyevin Dərbəndə nəzərdə tutulan səfəri təxirə salınıb. Yoxlamanın gəlişindən sonra maşınların buraxılışı nisbətən sürətlənib.

Qeyd edək ki, Dağıstan-Azərbaycan sərhədində gömrük məntəqəsi qarşısında dağıstanlı və azərbaycanlı TIR sürücüləri etiraz aksiyası keçirib. Aksiyaya səbəb Dağıstan gömrüyünün əməkdaşlarının sürücülərdən hər dəfə sərhədi keçəndə rüşvət tələb etməsi, üstəlik onları söyüb təhqir etməsidir.

Sürücülər bildirib ki, gömrükçülər onlardan əlavə pul istəyir və alınan pullarla bağlı onlara rəsmi sənəd verilmir. Pul verməyənlərin maşınları günlərlə terminalda qalır. Nəticədə Rusiyaya gətirilən mallar xarab olur.

Aksiyadan sonra Gömrük xidmətinin rəis müavini Hacımurad Şamxalov sürücülərlə görüşüb. O, qeyd edib ki, sürücüləri incidən gömrük əməkdaşı işdən qovukus, digər gömrükçü ilə bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Dağıstan   Azərbaycan   gömrük  





Xəbər lenti