Səudiyyə Ərəbistanında nə baş verir? - Şahzadələrin qalmaqallı həbsi

  05 Noyabr 2017    Oxunub : 14302
Səudiyyə Ərəbistanında nə baş verir? - Şahzadələrin qalmaqallı həbsi

Səudiyyə Ərəbistanında şahzadələrin, bir neçə sabiq və fəaliyyətdə olan nazirlərin həbs edilməsi dünya mətbuatının gündəmindədir. Kral ailəsinin üzvləri arasından həbs olunanların sayı artıq 30-a çatıb.

“Əl-Həyat” kanalı bildirib ki, Kral Salman noyabrın 4-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra həbslər başlayıb.

Həbs olunanlar arasında Ciddə şəhərinin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, Yaxın Şərq Mediası Mərkəzinin direktoru Valid Əl-İbrahim, Kral Məhkəməsinin keçmiş sədri Xalid Tuycəri, həmçinin Ərəbistanın ən varlı adamı Valid bin Təlal bin Əbduləziz kimi tanınmış şahzadə və digər məşhur şəxslər də var.

Kral Salman Ərəbistan milli qvardiyasının rəisi və əvvəlki Kralın oğlu Mutəəb bin Abdullah bin Əbudləzizi də vəzifəsindən kənarlaşdırıb.

Həbs olunanlar korrupsiya və rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunurlar.

Ölkəni tərk etmək cəhdlərinin qarşısının alınması üçün Səudiyyə Ərəbistanının hava limanlarında nəzarət gücləndirilib.

Bəzi kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanında baş verənləri dünya bazarında neftin qiymətinin düşməsindən sonra kralın ölkə iqtisadiyyatında dəyişiklik etməyə çalışması, digərləri isə saray çəkişmələri kimi qiymətləndirirlər. (AzərTAC)

AzVision.az

Teqlər: Həbs