Xalqın mənəviyyat çırağı

Xalqın mənəviyyat çırağı
  06 Noyabr 2017    Oxunub:2054
İlham Rəhimli
sənətşünaslıq doktoru, professor

Televiziya mənsub olduğu millətin mənəviyyat vitrinidir. Gərək bu vitrini ən müqəddəs ideallarımızı, ən ülvi əxlaqi keyfiyyətlərimizi, ən halal arzularımızı, ən bakirə duyğu-düşəncələrimizi, ən möhtəşəm əməllərimizi tərənnüm edən verilişlərimizlə bəzəyək.
Nə yaxşı ki, Azərbaycan televiziyası bu inkaredilməz həqiqətə daim sadiqdir. Yurdumuza gələn qonaqlar bu əlvan, konül oxşayan, estetik cazibə gücünə malik olan vitrinə heyranlıqla, məhəbbətlə, ehtiramla tamaşa etməklə Vətənimiz haqqında, onun vətəndaşları haqqında, millətin dövlətçiliyimizə müqəddəs yanaşması barədə qənaətə gəlir.

Azərbaycan televiziyası və radiosu daim dövlətçiliyimizə şərafət çırağı tutur. Ölkəmizin, xalqımızın varlığının mövcudluğu geniş dünyaya ilk növbədə məhz televiziya və radio pəncərəsindən açılır. Azərbaycan televiziya və radiosu müstəqilliyimizin sadiq qoruyucusu kimi ordumuza bərabər gücə-qüdrətə qadirdir.

Azərbaycan televiziyası və radiocu çağdaş Azərbaycan dilinin ən namuslu qoruyucusu, ən etibarlı keşikçisidir. Cəsarətlə deyirəm ki, dilimizin paklığı, ülviyyəti, şirinliyi, dadı-ləzzəti, lətafəti Azərbaycan televiziysı və radiosundakı qədər heç bir ideoloji qurumda qorunmur.

Azərbaycan televiziyası və radiosu bu dildə danışan milyonlarla insanın müəllimidir. Hansısa sözün, hansısa kəlmənin, hansısa ifadənin necə səslənməsi barədə mübahisə düşəndə anlaşılmazığa mütləq Azərbaycan televiziyasının ekranından, Azərbaycan radiosunun dalğalarından səlis, dəqiq, tutumlu cavab tapmaq mümkündür.

Mənim söylədiklərim uzun illərin təcrübəsi əsasında gəlinən qənaətdir. Azərbaycan radiosu ilə 1968-ci ildən ünsiyyətdəyəm. Tələbə olanda gənclik redaksiyasına məqalələr yazırdım. Azərbaycan televiziyası ilə 1969-cu ildən bağlıyam. Tələbə ola-ola ikinci növbə televiziyanın quruluş sexində, hamının Ənvər kişi deyə müraciət etdiyi çox koloritli, maraqlı bir adamın əlinin altında fəhlə işləmişəm. Elə o vaxtdan da televiziyanın sehirli aləmi məni ram edib və indiyədək həmin sehrin sirli-cazibəli məftunluq dairəsindəyəm. Çünki bu gün də Azərbaycan televiziyası və radiosu özünün ideal missiyasını şərəflə, ləyaqətlə yerinə yetirir. Çoxsaylı televiziya kanalları, radio dalğaları içərisində Azərbaycan televiziyası və radiosu müqəddəsliyini daim uca tutur. Onun böyük kollektivində, adi işıqçıdan tutmuş şirkət rəhbərinədək, peşəyə, sənətə vurğunluq, televiziya və radioya bağlılıq heyranlıq doğurur. Burada işindən, yaradıcılığından ləzzət almayan, dövlətçiliyimizin əbədi keşikçisi olan qurumda işləməkdən qürur duymayan işçi inanmıram ki, tapılsın.

Azərbaycan radiosunun 91, televiziyasının 61 yaşı tamam olur. İlk baxışda bu iki rəqəm quru, soyuq, adi, bəlkə də ötəri təsir bağışlayar. Amma di gəl ki, Azərbaycan radiosu öz verilişlərində, öz yaradıcılıq qayəsində xalqımızın indi içində yaşadığı 2017 ildən də çox qədimlə bağlı olan mədəniyyətmizin salnaməsini yaradıb. Radio verilişləri ilə biz yüz-yüz illərin işığında musiqimizin əzəmətini duyuruq, Nizami, Nəsimi, Xaqani, Füzulu, Mirzə Fətəli, Seyid Əzim, Sabir, Cavid, Vurğun irsinin salnaməsinin ilmə-ilmə əbədiyyət xalçasına toxunmasının şahidi oluruq.

Azərbaycan televiziyası 61 ildə yüzlərlə 61 ilə bərabər olan sənət xəzinəsinə lentlərdə əbədiyyət qazandırıb. Xalqımızın keçdiyi rəşadətli, qəhrəmanlıq dolu, həmçinin ziddiyyətli, burulğanlı tarixi yolun salnaməsini məhz Azərbaycan televiziyası əbədiləşdirib. Cəsarətlə deyə bilərəm ki, min ildə müxtəlif vasitələrlə xalqa verilən maarifçilik işığından daha artığını Azərbaycan televiziyası 61 ildə millətimizə bəxş edib.

Yuxarıda yazdığım kimi, mənim radio və televiziya ilə ünsiyyətim 48-49 ildir. Bu illərdə həm dəyişməz qanunlar formalaşıb, həm də çox-çox şeylər, münasibətlər, reallıqlar dəyişib. Monolit əzəmətli dəyişməzlik Azərbaycan dövlətçiliyinin və Azərbaycan dilinin müqəddəsliyini göz bəbəyi kimi qorumaqdır.

Dəyişənlər isə çoxdur. Bir neçəsini xataırladım. Hansısa verilişi çəkməyə başlayanda bəzən işıq qurulmasına 4-5 saat vaxt ayrılırdı. Amma bu gün dünyanın ən öncül işıq sistemi ilə təchiz olunan AzTV-də, o cümlədən "İdman Azərbaycan” və "Mədəniyyət” kanalında bu işi yönünə qoymağa 4-5dəqiqə kifayət edir.

Verlişi çəkirdik və bəzən günlərlə, hətta bayramlar ərəfəsində həftələrlə montaj növbəsinə dayanırdıq. Amma bu gün hansısa vacib verilişi (siyasi, ictimai, mənəvi, reportaj, portret-oçerk və s. janrlı) çəkiliş başa çatan kimi montaj edib efirə hazırlamağa imkan var. Onlarla qeyri-xətli montaj otaqları və orada əyləşən peşəkarlar rejissorların, redaktorların sərəncamındadır.

Hansısa siyasi verilişin, monumental bədii tədbirin dekorlarını söküb-qurmaq üçün saatlar, hətta bəzən günlər lazım gəlirdi. Amma bu gün kinostudiya məkanları kimi nəhəng pavilyonlarımızda, bir-birindən gözəl, çağdaş dünya şirkətlərinin yüksək texnologiyalı avadanlıqları ilə təchiz edilmiş müxtəlif studiyalarımızda onlarla daimi verilişimizin zövqlə, peşəkarlıqla işlənmiş dekorasiyaları qurulub. Azərbaycan televiziyasının özünəməxsus rəng koloriti sanki ekrandan insanın üzünə gülür, gözə, ruha dinclik bəxş edir.

Vaxt vardı respublikamızda iki böyük tədbir eyni gündə keçiriləndə kollektivdə gərginlik yaranırdı. Dörd kameralı Səyyar Televiziya Stansiyası daha vacibinə göndərilirdi. Digər tədbir isə bir neçə fəhlənin güclə qaldırıb-düşürdüyü kameralarla lentə alınırdı. Amma bu gün eyni vaxtda nəinki Bakıda, hətta Azərbaycanın müxtəlif bölgələrində keçirilən 10 tədbirə STS göndərmək imkanı
var. Ondan yuxarı kameraya qulluq edən STS-lərin yığcamlığı, texniki üstünlüyü çox çətin şəraitdə də işləməyə və ən əsası, yüksək səviyyədə çəkilişə, yaxud canlı yayıma imkan verir.

Təbii ki, hər bir dövlət müəssisəsinin, yaxud özəl qurumun işlərinin qaydasında getməsi ilk növbədə rəhbərliyin peşəkarlığı, idarəçilik bacarığı ilə sıx bağlıdır. AzTV-nin sədri Arif Alışanov 17 yaşından bu kollektivdə çalışır və əmək kitabçasında yalnız bir iş yerinin ünvanı var: Mehdi Hüseyn küçəsi, № 1. Sıravi işçidən sədrlik kürsüsünə qədər yüksəlib. Ömrünün düz 40 ilini AzTV-yə sərf edən Arif Alışanov bu məbədin inkişaf etməsi naminə teleməkandakı ən peşəkar insanları işə cəlb edib. Maraqlı və zövqlü veriliş və proqramların hazırlanması, yeni texnikaların alınması, müasir avadanlıqların quraşdırılması, abadlıq işləri məhz onun rəhbərliyi dövründə olub. Onun yaradıcılıq məsələlərinə vaxtında və yerində müdaxiləsi görülən işlərin efirdə qüsursuz təqdimatına səbəb olur. Arif Alışanovun ssenarisi əsasında çəkilmiş onlarla sənədli televiziya filmi onun dövlətçiliyə və milli maraqlara sadiqliyini sübut edir.

Yalnız bir faktı xatırlamaq onun gördüyü işlərin əzəmətini görmək üçün kifayətdir. Son iki ildə yeni televiziya korpusu istifadəyə verilib. Təkcə bu korpusun texniki avadanlığının sayı, keyfiyyəti, sahəsi, işıq cihazları, çəkiliş kameraları, idarə pultları, iş otaqlarının rahatlığı 50 ildəkilərdən qat-qat artıqdır, çoxdur, yaxşıdır.
Arif Alışanovun rəhbərliyi altında görülən irimiqyaslı işlərin nəticəsidir ki, geniş tamaşaşı kütləsi "Mədəniyyət” və İdman Azərbaycan” telekanallarının da "AzTV QSC”nin nəzdində fəaliyyət göstərməsini böyük məmnunluqla qarşıladı.

Azərbaycan televiziyası və radiosu fasiləsiz işləyir. Eyni zamanda çox ciddi, məqsədyönlü proqram, fundamental konsepsiya əsasında işləyir. Uzaq Şərqlə, Amerika ilə bizim vaxt fərqimiz 10-12 saatdır. Buna görə də xaricdə yaşayan soydaşlarımızın daim Azərbaycanla, dilimizlə, musiqimizlə, digər mənəvi dəyərlərimizlə təmasda olmaları üçün gecə proqramları xüsusi prinsiplə qurulur.

Azərbaycan televiziya və radiosu xalqımızın mənəviyyat çırağıdır. Ona görə də bu kollektivdə işləmək hər bir işçiyə qürur və şərəf verir.


Teqlər: #Televiziya  





Xəbər lenti