İcra başçısı: `Mənə böhtan atırlar` - SƏNƏDLƏR

İcra başçısı: `Mənə böhtan atırlar` - SƏNƏDLƏR
  19 Sentyabr 2013    Oxunub:2722
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev mətbuatda barəsində yazılan xəbərlərə aydınlıq gətirib. Onun AzVision.az-a dediyinə görə, bu cür xəbərlər heç bir əsası olmadan, qərəzli şəkildə yayılır.

- Dünən bir neçə saytda, əsasən də virtualaz. org-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı, oğlu haqqında qeyri-qanuni əsassız material yayılıb. Ona cavab olaraq bildirmək istəyirəm ki, 2012-ci ildə İmişli Rayon İcra Hakimiyyəti Elegent Co MMC ilə müqavilə bağlayıb. Müqavilə əsasında sahibkarlarla işlər görülüb və o sahibkarlara 2 milyon manat vəsait ödənilib. Vəsaiti ödəmək üçün mənim əlimdə müqaviləm var. Müqavilənin nömrəsi 268-dir. Bu, Elegent Co MMC ilə 14 noyabr 2012-ci ildə imzalanmış müqavilədir. Müqaviləyə əsasən, bütün sahibkarlara vəsaitlər ödənilib,- deyən Vilyam Hacıyev həmin müqavilələrin surətini də AzVision.az-a təqdim edib.

İcra başçısının sözlərinə görə, daha sonra isə bir neçə sahibkar əsassız şikayətə başlayarkən yenidən onlara vəsait verilib. Məsələ ilə bağlı 5 nəfərin iştirakı əsasında akt tərtib olunub. Bundan sonra həmin sahibkarlar izahat veriblər ki, İmişli Rayon İcra Hakimiyyəti ilə bağlı heç bir şikayətləri yoxdur. İmişli Rayon İcra Hakimiyyəti ilə bağlanmış müqavilə əsasında vəsaitlərini alıblar.

“Buna baxmayaraq, yenə həmin insanlar yaxın günlərdə virtualaz. org saytına müraciət ediblər ki, guya bunların vəsaiti ödənilməyib. Əllərində heç bir əsası, sübutu olmaya-olmaya bütün saytlar da İmişli Rayon İcra Hakimiyyəti haqqında şər-böhtan yazmağa başlayıblar. Bununla bağlı bildirmək istəyirəm ki, İmişli Rayon İcra Hakimiyyəti və başçısı haqqında yazılanlar fevral ayından başlayaraq, bu günə qədər qərəzli şəkildə olub”,- deyə V.Hacıyev bildirib.

O, oğlu haqqında yazılanların da böhtan olduğunu deyib: “Oğlumla bağlı məlumat yayılıb ki, guya Bakıda 1 milyonluq maşında gəzir. Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum orta məktəbi fərqlənmə attestatı ilə bitirib, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. BDU-nun hüquq fakultəsində Gənclər Birliyinin sədri olub. Orada oxuduğu müddətdə Elmi Şuraya üzv seçilib. Universitetin hüquq fakultəsini bitirdikdən sonra Londonda Kembric Universitetinin hüquq fakultəsinə magistraturaya qəbul olub. Hazırda orada əla qiymətlərlə oxuyur. Bu gün onun haqqında yazılan şərhlər hamısı şər-böhtandır. Əgər o yazanların əlində bir fakt varsa, təqdim etsinlər. Sizə oğlumun BDU-nu qırmızı diplomla bitirməyi, orada Gənclər Təşkilatının sədri olmağı, Kembric Universitetində hüquq fakultəsində təhsil aldığı sənədləri də göstərə bilərəm. Bunlar hamısı faktdır”.

Qızının haqqında danışan icra başçısı deyib ki, Gəncə şəhərində yaşayır, müəllimədir, iki övladı var. Həyat yoldaşı kiçik bizneslə məşğuldur.

“Bütün sayt rəhbərlərinə müraciət edirəm ki, əllərində bir əsası olmadan, qarşı tərəfin fikrini öyrənmədən belə materiallar verməsinlər. Bu gün İmişli rayonu Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevrilib. İmişlidə abadlıq, quruculuq işləri yüksək səviyyədə aparılır. İnsanların yoxsulluq vəziyyəti demək olar ki, sıfıra enib. İşsizlik tam aradan qaldırılıb. Bu qədər sosial inkişafı olan bir rayon haqqında bu cür şər-böhtan yazmağı heç cür qəbul etmirəm. Bir daha xahiş edirəm ki, haqqımda yazılan əks yazılarda mənim fikrlərimi öyrənsinlər, əllərində dəlil olsun”,- deyə Vilyam Hacıyev jurnalistlərə səslənib.

Nihadə Eyyubova

Qalereya




Teqlər:  





Xəbər lenti