ABU Klinikanın baş həkimi məhkəmədə ifadə verib

ABU Klinikanın baş həkimi məhkəmədə ifadə verib
  20 Sentyabr 2013    Oxunub:1087
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Dilarə İsmayılova isə ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, 2007-ci ildə Mərkəzi Klinik Xəstəxanada çalışıb: "Elşad Abdullayevin baldızı mənim xəstəm olub. Həmin vaxt Elşadla tanış olduq. O mənə dedi ki, təzə xəstəxana açır və mənə işləməyi təklif etdi. Mən də razılaşdım. 2009-cu ildə İsrail vətəndaşları bizə müraciət etdilər ki, sizin xəstəxananın şəraiti yaxşı olduğu üçün biz burada əməliyyat həyata keçirmək istəyirik. Lakin mən icazə vermədim. Onları apardım Elşad Abdullayevin qəbuluna özüm isə bayırda gözlədim. Ondan sonra mənə dedilər ki, onlarla müqavilə bağlanacaq və əməliyyatlar həyata keçiriləcək. Məlum oldu ki, gələn adamlar sığorta şirkətindəndirlər. Onlarla müqavilə bağlandı və hər əməliyyat üçün onlara mühasibatlıqdan pul ödənilirdi".

Dilarə İsmayılova Tibb Mərkəzindən maaş almadığını bildirib: "Biz xəstələrin sayına görə faiz alırdıq: “Tibb Mərkəzinin böyrək köçürməsi ilə bağlı müvafiq lisenziyasının olması barədə isə mənim məlumatım yox idi. Mən Elşad Abdullayevdən soruşanda dedi ki, bizim icazəmiz var. Mən də ona inandım".

Daha sonra prosesdə şahid Çingiz Məmmədov ifadə verib. Şahid tibb mərkəzində anestezioloq işlədiyini bildirib: "Mən böyrək köçürmələri ilə bağlı əməliyyatlarda iştirak etməmişəm".

Prosesdə ifadə verən Şamil Məmmədxanov isə mərkəzdə cərrah işlədiyini bildirib. O xəstəxanada aparılan böyrək əməliyyatı ilə bağlı D. İsmayılovadan eşitdiyini bildirib: "O bizə dedi ki, qanun çərçivəsində xarici şirkətlə müqavilə bağlanılıb. Digər məsələlərdən isə xəbərim olmayıb".

Şahid Rəsmiyyə Hüseynova isə mərkəzdə tibb bacısı işlədiyini, heç nədən xəbərinin olmadığını deyib.

Proses sentyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Azərbaycan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanılıb. Araşdırma zamanı universitetin rektoru Elşad Abdullayevin tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, qanunsuz göstəriş verməklə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycanın «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» qanunun tələblərini kobud surətdə pozduqları məlum olub.

2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycana gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratması, həmçinin Dilarə İsmayılovanın hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130 min ABŞ dolları məbləğində pulu alaraq Mərkəzin kassasına mədaxil etmədən E.Abdullayevə verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan cinayət işi üzrə E.Abdullayev və D.İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

E. Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti