Atatürkün vəfatından 79 il ötür

  10 Noyabr 2017    Oxunub : 548
Atatürkün vəfatından 79 il ötür

Türkiyə Cumhuriyyətinin (TC) qurucusu Mustafa Kamal Atatürkün vəfatından 79 il ötür.

AzVision.az-ın məlumatına görə, Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rıza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn “Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır.

1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib.

1899-cu ildə İstanbul “Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun oldu.

Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib.

1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.

Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahidəddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə xilas ola biləcəyini elan edir.

1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.

1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Qəbri (Anıtkabir) Türkiyənin paytaxtı Ankara şəhərindədir.

AzVision.az

Teqlər: Atatürk