Məşhur milyarderin Türkiyədə hamam macəraları - FOTO

Məşhur milyarderin Türkiyədə hamam macəraları - FOTO
  11 Noyabr 2017    Oxunub:11333
Son illər böyük nüfuz qazanan milyarder, "Tesla Motors" və "Space X" şirkətlərinin sahibi Elon Musk Türkiyəyə səfər edib.
AzVision.az-ın məlumatına görə, səfər zamanı Elon Musk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Məşhur iş adamı Türkiyə səfəri öncəsi sosial şəbəkədəki səhifəsində Türkiyə Cümhuriyyətinin qurucusu mərhum Mustafa Kamal Atatürkün sözlərindən sitat paylaşıb. Milyarderin bu hərəkəti Türkiyədə rəğbətlə qarşılanıb.



Elon Muskun Türkiyə məcaraları ölkə gündəmini zəbt edib. Belə ki, o, Ankarada olan zaman tarixi Şəngül Hamamına baş çəkib. Elon Musk hamamda 41 illidir ki, kisəçi işləyən Əli Güvənin qonağı olub. Əli Güvən məşhur iş adamının hamam məcəralarından bəhs edib:

“O, hamama girməmişdən öncə mühafizəçiləri içəri daxil oldular, yoxlama apardılar. Daha sonra Prezidentin mühafizəçiləri də hamamda yoxlama apardılar. Nəhayət, Elon öz dostu ilə birlikdə hamama girdi. Musk hamama girən zaman ilk dəfə idi ki, belə bir yerə gəldiyini söylədi. Onu özüm qarşıladım. Musk türk dilində mənim adımı soruşdu. Daha sonra türk dilində öz adını dedi.
Hamama girər-girməz onun üçün xüsusi ayırdığımız geyimi geyindi. Onu öncə saunaya dəvət etdim. Belə bir hamama ilk dəfə girdiyi üçün nə edəcəyini bilmirdi. Daha sonra onu buxar vannasına dəvət etdim. İçəri girən kimi oradakı buxarı görən Elon Musk narahat oldu və bayıra çıxdı. Daha sonra onu hamam daşının üstünə uzatdım. Maşallah, boyu yaman uzun idi.



Təxminən bir saat yarım hamamda qaldı. Tərlədikdən sonra onu yaxşıca kisələdim. Bədənindən xeyli ölmüş hüceyrə, kir çıxdı. Gülərək qollarını mənə göstərdi. Daha sonra köpük vannasına girdi. Bu zaman çox rahatladığını bildirdi. Mühafizəçisi Nik də başının üstündə dururdu. Gülərək dedim ki, Nik sənin bosun köpüklü vannada yox oldu. Daha sonra onu yumşaq masaj etdim. Çox xoşbəxt olduğunu söylədi. Mənə sonda türk dilində təşəkkür etdi və yenə də gələcəyini söylədi.



Ondan elektriklə işləyən avtomobil istədim. Gülərək başını yellədi. Sonda ondan xahiş etdik ki, pul lazım deyil. Amma bütün bunlara baxmayraq, onun mühafizəçisi 40 lirə bəxşiş verdi”-, deyə kisəçi Əli Güvən bildirib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Elon-Musk   İş-adamı  





Xəbər lenti