Gürcüstanda ciddi islahatlar başladı - 5 nazirlik ləğv olundu

Gürcüstanda ciddi islahatlar başladı - 5 nazirlik ləğv olundu
  13 Noyabr 2017    Oxunub:3930
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili hökumət strukturlarında baş verən islahatlarla bağlı brifinq keçirib.
AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək. Ətraf Mühitin Mühafizəsi Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilir və Levan Davitaşvili bu nazirliyə rəhbərlik edəcək.

İndiki iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan “Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Fövqəladə halların idarə olunması üzrə agentliyi və Böhranların idarə olunması üzrə təhlükəsizlik şurasının yerinə Fövqəladə Halların İdarə Olunması Mərkəzi yaradılacaq. Mərkəzi indiyə qədər daxili işlər naziri olmuş Georgi Mqebrişvili idarə edəcək.

Mədəniyyət Nazirliyinin səlahiyyətinə daxil olan Gənclər üzrə İşlər İdarəsi Təhsil və Elm Nazirliyinə verilib. İdman və Gənclər Nazirliyi də ləğv olunur, onun gənclərlə bağlı funksiyalarını da Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Təhsil naziri postunu isə Cavaxişvili adına Tbilisi dövlət universitetinin prorektoru Mixeil Çxenkeli tutacaq.

Gənclər və İdman Nazirliyinin ləğvindən sonra idman məsələlərini ölkənin Mədəniyyət Nazirliyi həyata keçirəcək. Mixail Qeorqadze mədəniyyət naziri vəzifəsində qalacaq. Avropa və Avroatlantik strukturla İnteqrasiya məsələləri üzrə Dövlət Nazirliyi isə Xarici İşlər Nazirliyinin tərkibinə keçir. Bu qurumda nazir vəzifəsini hazırki nazir Mixeil Canalidze icra edəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti