Bolqarıstanın Milli Radiosunda Bakı ilə bağlı reportaj

Bolqarıstanın Milli Radiosunda Bakı ilə bağlı reportaj
  13 Noyabr 2017    Oxunub:1857
7 noyabr 2017-ci il tarixində Bolqarıstanın ölkə səviyyəsində aparıcı radio yayım proqramı olan “BNR Horizont” proqramında “Hər şeydən öncə” verilişində Bakı şəhəri haqqında reportaj efirə verilib, eyni zamanda radionun rəsmi internet səhifəsində yerləşdirilib.
Verilişdə Azərbaycanın “Oldar Yurdu” adı barədə məlumat verilib, bu adın mənşəyinin yerin altından çıxan təbii qazın yer üzünə çatdığı zaman əbədi ocaqlarda yanması ilə əlaqəli olduğu və uzun zaman öncə həmin ocaqlara Allahın nişanəsi kimi baxıldığı vurğulanlb.

Asiya və Avropanın kəsişməsində yerləşən ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin, ənənələrin və dinlərin birləşdiyi qeyd olunub.

Keçmiş sovet respublikasının paytaxtı olan Bakı şəhərinin bu gün tez-tez Dubay şəhəri ilə müqayisə olunduğu ifadə edilmiş, tarixin və gələcəyin qovuşduğu, müxtəlif mədəniyyətlərə məxsus elementlərin ahəngdar birləşdiyi şəhərdə Şərqin köklü ənənələrinin və Qərb tərəqqisinin müasir imzasının vəhdətinə nail olunduğu və bunun heç kimi laqeyd qoymadığı bildirilib. Eyni zamanda, çoxlu müasir binaların inşa olunduğu Bakının memarlıq baxımından gələcəyin şəhəri təəssüratı yaratdığı səsləndirilib.

Bu xüsusda məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzinin valehedici memarlığına görə London Dizayn Muzeyinin mükafatına layiq görüldüyü qeyd olunub.

Neft və qaz resursları ilə zəngin Xəzəryanı dövlət olan Azərbaycanın mənəvi dəyərləri də qoruduğu vurğulanaraq, memarlığımızın və mədəniyyətimizin incisi olan “İçərişəhər”, onun zəngin tarixi, qədim memarlıq kompleksi və ona göstərilən xüsusi diqqətdən danışılıb.

Azərbaycan memarlığının inciləri Qız qalası və Şirvanşahlar Sarayının “İçərişəhər” kompleksində yerləşdiyi ifadə olunmaqla YUNESKO-nun Ümumdünya İrsi Siyahına daxil olduqları dinləyicilərin diqqətinə çatdırılıb. Ardınca Şirvanşahlar Saray kompleksinin tarixinə toxunulmuş və Qız qalası ilə bağlı rəvayətdən bəhs olunmuşdur. Sonda Azərbaycan xalçaları haqqında da məlumat verilib, onlardan təbii materiallardan hazırlandığı və özündə Azərbaycan xalqının milli ənənələrini əks etdirdiyi qeyd olunub.

Reportajla BURADAN tanış ola bilərsiniz.

AzVision.az


Teqlər: Bolqarıstan   Bakı   Radio   Reportaj  





Xəbər lenti