BTQ Ermənistanın layihələrini iflasa uğradıb

BTQ Ermənistanın layihələrini iflasa uğradıb
  14 Noyabr 2017    Oxunub:2409
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi Ermənistandakı bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına imkan verməyəcək. Artıq bir neçə layihə iflasa uğrayıb.
BTQ-nin açılışından sonra Ermənistanda həyata keçirilən və ya reallaşdırılması nəzərdə tutulan layihələrin bir neçəsi aktuallığını itirib.

Ermənistan mətbuatı yazır ki, bu ölkə üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” avtomagistralı layihəsinin reallaşması artıq şübhə doğurur. Bildirilir ki, 2009-cu ilin sentyabrında Ermənistan Asiya İnkişaf Bankı ilə bu yolun tikintisi üçün kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, magistral yolun tikintisi 2016-cı ildə başa çatdırılmalı idi. Amma tikinti işlərinə müqavilə imzalandıqdan üç il sonra başlanılıb. 2012-ci ildə yolun az bir hissəsi tikilib, layihənin qiyməti isə artıb. 2012-ci ilin sentyabrında layihənin qiyməti 1 milyard ABŞ dolları olsa da, indi onun qiyməti 2 milyard dollardır. Hazırda hökumət yolun tikintisi üçün əlavə vəsait axtarır. Ermənistanın nəqliyyat naziri Vaan Martirosyan deyib ki, avtomagistralın Artaşat-Meğri (350 kilometr) hissəsinin tikintisi üçün 1,5 milyard dollar tələb olunur. Yolun tam istifadəsi üçün daha çox vəsait lazımdır.

Ermənistan hökuməti hesab edir ki, beynəlxalq maliyyə təşkilatları artıq bu layihəyə investisiya yatırmaq istəmirlər.

Ekspertlərin fikrincə, “Şimal-Cənub” avtomagistralının tikintisi artıq sual altındadır. Bir neçə ildən sonra isə bu yol, ümumiyyətlə, mahiyyətini itirəcək. Ona görə ki, bu yol Azərbaycanın nəqliyyat şəbəkəsi ilə rəqabətə davam gətirə bilməyəcək və rentabelli olmayacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və ilk konteyner qatarının mənzil başına vaxtında çatması Ermənistanı şoka salıb. Əvvəllər BTQ-nin tikilməyəcəyi, beynəlxalq maliyyə qurumlarının bu layihəyə investisiya ayırmayacaqları barədə fikirlər səslənirdi. Amma Azərbaycan hökumətinin qətiyyəti və səyi nəticəsində yolun tikintisi başa çatdırıldı. Bu isə öz növbəsində Ermənistanın nəzərdə tutduğu layihələrin iflası deməkdir. (AzərTAc)

AzVision.az


Teqlər: BTQ  





Xəbər lenti