Peşə məktəblərində təcrübə keçənlərə maaş veriləcək

Peşə məktəblərində təcrübə keçənlərə maaş veriləcək
  15 Noyabr 2017    Oxunub:1112
Azərbaycanda peşə təhsili müəssisələrində təcrübəyə cəlb olunan təhsilalanlara əməkhaqqı veriləcək.
AzVision.az xəbər verir ki, bu, “Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb.

Qanunun 11-ci maddəsində (İstehsalat təlimi və təcrübəsi, iş yerində təcrübə müqaviləsi) qeyd olunur ki, peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və eləcə də işəgötürən müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçirlər.

İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əməkhaqlarından əlavə müvafiq qanunvericilikdə təcrübə saatları üçün nəzərdə tutulmuş əməkhaqqı ödənilir.

İşəgötürənlərin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi imzalayır.
İş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yetkinlik yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin adından bağlanılır.

İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əməkhaqqının 20%-indən az olmamaq şərti ilə əməkhaqqı ödəyir.

İş yerində təcrübə müqaviləsi əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir və onlara ödənilən əməkhaqqından vergi tutulmur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Peşə   Məktəb   Maaş  





Xəbər lenti