`Qobustanlılar seçimlərini ediblər`

`Qobustanlılar seçimlərini ediblər`
  20 Sentyabr 2013    Oxunub:1027
“Qadınlar və seçkilər" koalisiyası “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması" layihəsi çərçivəsində növbəti tədbirini Qobustan rayonunda keçirib. Tədbirdə folklorşünas alim, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, məruzəçi-ekspert Elçin Abdullayev, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbə-ri Eynulla Xeyrullayev iştirak edirdilər.
300 nəfərə yaxın qobustanlı qadının iştirakı ilə keçirilən görüşdə çıxış edən Koalisiyanın rəhbəri Aynur Camalqızı qadınları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəal olmağa çağırıb. Adı çəkilən koalisiyada “Qadın Konsensus Mərkəzi" İctimai Birliyini təmsil etdiyini vurğulayan A.Camalqızı rəhbərlik etdiyi təşkilatın bu tədbirlərə həvəslə qatıldığını bildirib: “Qadınları aktiv olmayan cəmiyyətlər heç vaxt inkişaf edə bilməzlər. Azərbaycanda qadınların öz potensialını realizə etməsi üçün bütün imkanlar var. Hətta bəzi dövlət qurumlarında qadınlar üçün qeyri-rəsmi şəkildə kvota tətbiq olunur. Bu, qadınlarımızın irəli çıxması, seçkili orqanlarda təmsil olunması, siyasi qərarların qəbulu prosesində iştirakı üçündür. Sevindirici haldır ki, seçkili orqanlarda qadınların sayı artan xətt üzrə inkişaf edir. Biz yaradılan bu imkanlardan hərtərəfli istifadə etməliyik".

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev bildirib ki, “Qadınlar və Seçkilər" koalisiyası artıq 7-ci rayonda qadınlarla öz görüşünü keçirir: “Bu görüşlərdən bizim gəldiyimiz nəticə budur ki, Azərbaycan qadınlarının seçki ilə bağlı maarifləndirməyə ehtiyacları yoxdur. Onların hər biri əslində bir maarifçidir və seçki günü öz yaxınları, doğmaları, iş yoldaşları ilə birgə seçki məntəqəsinə gedərək öz namizədlərinə - ən layiqli namizədə səs verəcəklər. Ən layiqli namizədin kim olduğunu Azərbaycanda hamı bilir".

Tədbirdə qobustanlı qadınlar da çıxış edərək artıq seçimlərini etdiklərini və Azərbaycanı işıqlı gələcəyə aparacağına inandıqları bir namizədə səs verəcəklərini qeyd etdilər.


Teqlər:





Xəbər lenti