Dinlə maraqlanan gənclərə ciddi xəbərdarlıq edildi
AzVision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, Azərbaycan tarixən tolerant dövlət olub.
S.Heydərov qeyd edib ki, görülən işlərə baxmayaraq, təcrübə və təhlillər göstərir ki, bəzi xarici ölkələr, xarici dairələr Azərbaycan üçün yad olan dini baxışları, ideologiyaları ölkəyə ixrac etməyə cəhdlər edir.
"Əfsuslar olsun ki, bəzi gənclərimiz istər xaricdə dini təhsil alan zaman, istər dini ziyarətgahlara gedən zaman özləri mahiyyətini başa düşmədən bu təsirlərə məruz qalırlar. Azərbaycana qayıtdıqdan sonra həmin yad ideologiyaların təbliğatçısına çevrilirlər. Biz bu məqsədlə ictimaiyyəti, gəncləri məlumatlandırmağa çalışırıq. Gənclər sosial şəbəkələrdən istifadə edən zaman ehtiyatlı olmalıdır".
Komitə rəsmisi vurğulayıb ki, yad ideologiyaları ölkəmizə ixrac etməyə çalışanlar üçün ən əlverişli vasitə sosial şəbəkələrdir. "Dini bilgi alan zaman gənclərimiz, vətəndaşlarımız diqqətli olmalıdır ki, onun mənbəyi kimdir, hansı ölkədəndir. Tövsiyyə edərdik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin icazə verdiyi vəsaitlərdən istifadə etsinlər. Artıq Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar, digər radikal birləşmələrə gedənlərlə söhbətlər zamanı bəlli olur ki, onlar sosial şəbəkələrdən vaxtında düzgün istifadə etmədikləri üçün təsirlərə məruz qalıblar.
Hal-hazırda din öz məcrasından çıxarılaraq daha çox təhlükəsizlik məsələsinə çevrilib. Ona görə dini bilgi alan zaman gənclərimiz ehtiyatlı olsunlar. Təəssüf ki, inkişafın bu dövründə bəzi şəxslər islamın ilkin dövrünə qayıdışını təbliğ edirlər, yəni 1400 il geriyə. Bu adamların savadı, dünyagörüşü, psixologiyası yerində deyil. Ona görə də çalışırıq ki, gəncləri belə yad təsirldən qoruyaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: