BMT Azərbaycan üzrə hesabatı qəbul edib
Tədbirin əvvəlində Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş UDİ üzrə İşçi Qrupa nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış edib. O, çıxışında UDİ üzrə baxışda ölkəmizə təqdim olunmuş 162 tövsiyədən 158-nin tamamilə və ya qismən qəbul edildiyini və həmin tövsiyələrin bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirib. Son 10 il ərzində Azərbaycanın iqtisadi göstəricilərinin artmasının davamlı və ardıcıl inkişafın göstəricisi olduğunu diqqətə çatdıran X.Xələfov Azərbaycan hökuməti tərəfindən iqtisadi-sosial, səhiyyə, təhsil, qadın hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib.
Ölkəmizin BMT-nin xüsusi mandat daşıyıcıları ilə fəal əməkdaşlığına toxunan X.Xələfov Azərbaycanın İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və bu xüsusda 2013-cü ilin aprel ayında Azərbaycan hökumətinin xüsusi məruzəçilərə daimi dəvət göndərməsini bir daha xatırladıb. O, Azərbaycan hökumətinin 162 tövsiyədən yalnız Ermənistan tərəfindən təqdim edilmiş 4 tövsiyəni qəbul etmədiyini, həmin tövsiyələrin 1988-ci ildən bəri azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, 1992-ci ildə Xocalı soyqırımını törətmiş və Azərbaycan Respublikası ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal edən Ermənistan Respublikasının qəsbkar siyasətini əks etdirdiyini qeyd edib. X.Xələfov eyni zamanda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran işğal faktının Azərbaycanın insan hüquqları sahəsində problemlərinin başlıca səbəbini təşkil etdiyini qeyd edib, ərazilərimizin işğalının 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə yanaşı, Azərbaycanda siyasi, sosial və iqtisadi problemlər yaratdığını bildirib.
İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycanın baxışı üzrə hesabatı (A/HRC/24/13) İHŞ tərəfindən yekdilliklə qəbul olunub.
Teqlər: