Meksikanın tanınmış kanalında Azərbaycan müzakirə olunub

Meksikanın tanınmış kanalında Azərbaycan müzakirə olunub
  20 Noyabr 2017    Oxunub:2066
Meksika paytaxtının tanınmış Radio Capital kanalının Capital del Turismo proqramının cümə günü buraxılışı Azərbaycana həsr olundu. Bu barədə Azərbaycanın meksikadakı səfirlyindən AzVision.az-a verilən məlumatda bildirilir.


Qeyd edək ki, bu proqramın geniş auditoriyasına çoxsaylı yerli turist şirkətləri də daxildir.

Proqramın aparıcısı Xuan Antonio Qaska Azərbaycan Respublikasının Meksikada Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb.

Azərbaycan nümayəndəsi proqramın dinləyicilərinə ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat verdi. Asiya və Avropanın kəsişməsində yerləşdiyini, qədim İpək Yolunun keçdiyi bir ölkə olduğu və tarixən müxtəlif mədəniyyətlərin ölkəmizdə heç bir ayrı-seçkiliyə məruz qalmayaraq sülh və əminamanlıq şəraitində yaşadıqlarıdı bildirməklə yanaşı Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu və gələn il bu dünya səviyyəsində əlamətdar hadisənin 100-illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd ediləcəyini bildirdi.

Azərbaycan turistləri nə ilə cəlb etməsi barədə suala cavab verən diplomat ölkəmizin buraya səfər edən hər bir qonağın zövqünə və marağına uyğun xüsusiyyətlərə malik olduğunu dedi.

O, Atəşğah, Qobustan və s. kimi qədim abidələr, həmçinin Yanar Dağ və Palçıq vulkanları kimi təbiətin möcüzələrinin Azərbaycanda qarşılamaq olduğunu bildirdi. Bunların hamısının YUNESKO-nun Dünyanın Maddi Mədəni İrsi Siyahısına daxil olduğunu dinləyicilərin diqqətinə çatdırdı.

Bundan əlavə o, ölkəmizdə Avroviziya, Formula 1, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların keçirildiyini və bunun da öz növbəsində ölkəmizin turistlər üçün daha da cəlbedici etdiyini dedi. Eyni zamanda bütün bunların Azərbaycanın müxtəlif mədəniyyətləri bir yerə gətirən məkan olduğunu bir daha sübut etdiyi vurğulandı.

Ölkədə turistik infrastrukturdan danışan M.Talıbov, ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində xüsusilə son illər ölkəmizə turist axınının hər il tədricən artdığını qeyd edib.

Yeni və Xəzər dənizində ən böyük dəniz limanının tikilməsi, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalının istifadəyə verilməsi, ölkədə həm dəmir həm avtomobil yollarının yüksək standartlara cavab verməsi, ölkədə yüksək səviyyəli tanınmış beş ulduzlu otellərdən başlayaraq bütün turist təbəqələrin tələblərinə cavab verə biləcək otellərin açılması və s. barədə dinləyicilərə məlumat verilib.

Qeyd olunub ki, cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin təşəbbüsü ilə ASAN Viza sistemi fəaliyyətə başlayıb və bu sistem Azərbaycanın dünyada vizasının alınmasının ən sadə olan ölkələr sırasına daxil olmasına imkan verib. Azərbaycan diplomatı hər bir Meksika vətəndaşının ASAN Viza internet səhifəsinə daxil olaraq üç sadə addımın yerinə yetirilməsindən sadəcə üç saat sonra elektron viza əldə edə biləcəyi barədə xəbər verib.

Aparıcı Xuan Antonio Qaska efir vasitəsilə Meksika turist şirkətlərini Azərbaycana daha çox diqqət yetirməyə və ölkəmizə daha fəal şəkildə turların təşkil edilməsinə çağırdı, bu yeni istiqamətin olduqca səmərəli olduğuna əminliyini bildirdi.
Proqramın aparıcısının suallarına cavab verərək diplomat Azərbaycanın müxtəlif rəngarəng ənənələri və bayramları, o cümlədən turistlər arasında xüsusi populyarlığa malik Novruz şənliklərindən, həmçinin Azərbaycanın ləziz və müxtəlif milli mətbəxindən danışıb. Hər hansı bir milli yeməyin nümunə gətirilməsi xahişinə cavab olaraq ləziz dolmanın adı çəkilib, onlarla cür plovun olması qeyd olunub.

Azərbaycana Meksikadan necə səyahət edilməli barədə suala cavab verərək hazırda bir çox aviaşirkətlər vasitəsilə ölkəmizə gəlməyin mümkünlüyü ilə bərabər Azərbaycan Hava Yolları aviaşirkəti xüsusilə qeyd olunaraq, bu şirkətin sərəncamında olan təyyarələrin çox yeni olduğu, sərnişinlərə yüksək səviyyəli xidmət göstərildiyini və hazırda Meksikaya nisbətən yaxın olan Nyu Yorkdan Bakıya uçuşların həyata keçirdiyi barədə bildirildi.

Ölkədə təhlükəsizliklə bağlı suala cavab verərkən bir neçə gün əvvəl işıq üzü görmüş 2017-ci il üzrə Qlobal Terrorizm Hesabatına görə Azərbaycanın Qafqaz regionunda ən təhlükəsiz ölkə olduğu və dünyada ən təhlükəsiz ölkələr sırasında yer aldığı bildirildi. Buna Azərbaycan Hökumətinin böyük diqqət ayırdığı qeyd olundu. Bundan əlavə Azərbaycanın olduqca qonaqpərvər və tolerant bir ölkə kimi tanındığı və bütün turistlərin burada özlərini təhlükəsizlikdə hiss etdikləri bildirildi.

Bununla yanaşı regionun təhlükəsizliyinə təhdid olan yeganə problemin Azərbaycan torpaqlarının 20% uzun illərdir Ermənistan tərəfindən işğal altında qalması və buradan didərgin salınmış bir milyona qədər həmvətənimizin hələ də öz doğma yurdlarına dönmək həsrəti ilə yaşadıqları bildirildi. Azərbaycan torpaqlarının azad olunması tələbi ilə BMT TŞ dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistanın indiyədək onlara məhəl qoymadığı vurğulandı.

Verilişin aparıcısı son günlər Meksika mediasında geniş işıqlandırılan Meksika deputatların qeyri qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərinə toxunaraq Azərbaycan Səfirliyinin təmsilçisindən məsələyə münasibət bildirilməsini xahiş etdi.

M.Talıbov bu hadisənin çox böyük təəssüf doğurduğunu bildirdi. Qeyd etdi ki, Meksika ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətləri mövcuddur və Meksika həmişə olduğu kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT TŞ münaqişə ilə bağlı qeyd olunmuş qətnamələrini dəstəkləyir, sadəcə adıçəkilən millət vəkillərinin bu addımı təxribatdan başqa ad vermək olmaz və onlar bu qeyri-qanuni səfəri edərkən həm Azərbaycan qanunvericiliyi həm də Meksika Xarici Əlaqələr Katibliyinin tələblərini pozmuşlar.

Aparıcı Xuan Antonio Qasqa efir vasitəsilə müraciət edərək Meksika deputatlarını beynəlxalq hüquqa hörmət etməyə çağırdı, həmçinin o, “Belə çıxır ki, Ermənistan dəvəti özünün deyil, qonşusunun evinə edib, özüdə xəbərsiz” dedi.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Meksika  





Xəbər lenti