Maşın motorunda 9 `Samsung Galaxy` tapıldı

Maşın motorunda 9 `Samsung Galaxy` tapıldı
  21 Sentyabr 2013    Oxunub:1063
Qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Sabir Əliyevin idarə etdiyi “VAZ 2106” markalı minik minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin mühərrik yerində 9 ədəd “Samsung Galaxy S Duos” markalı mobil telefon, həmin mobil telefonlara aid aksessuarlar - 10 ədəd akkumulyator, 10 ədəd məlumat kitabçası, 9 ədəd “qulaqcıq” və 9 ədəd karton qutu aşkar olunmuşdu.

Həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Elşən Dəmirova məxsus əl yükünə və baqajlara X-Ray markalı rentgen aparatı ilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı monitorda mobil telefonların təsvirləri görünmüş və bununla əlaqədar vətəndaş şifahi sorğu-sual edilib.

E.Dəmirov çantasında yalnız 4 ədəd mobil telefonun olduğunu bildirərək oradan 1 ədəd “Samsung Galaxy SIII” və 3 ədəd “İphone 4S” markalı mobil telefonları çıxarıb gömrük əməkdaşına təqdim edib. Sonra o, gömrük orqanına təqdim etdiyi 4 ədəd mobil telefondan başqa bəyan olunası və gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların olmadığını bildirib.

Lakin vətəndaşın çantasına təkrar gömrük baxışı keçirilərkən oradan əlavə olaraq, 1 ədəd “Samsung Galaxy SIII” və 2 ədəd “ İphone 4S” markalı mobil telefonlar aşkar edilib. E.Dəmirovun digər baqajına gömrük baxışı zamanı isə oradan 1 ədəd “Samsung Galaxy SIII”, 1 ədəd “Samsung Galaxy S4 Zoom” markalı mobil telefonlar və 8 ədəd mobil telefon aksessuarı aşkar olunub.

Bundan başqa, vətəndaşın üzərində yoxlama zamanı ondan 3 ədəd “İphone 5” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra E.Dəmirova məxsus sellofan paketə baxış keçirilərkən oradan da 8 ədəd mobil telefon üçün boş qutu aşkar edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti