“Kaspersky Lab” biznes-konfransda kibertəhlükəsizliyinin sirlərini açacaq

  22 Noyabr 2017    Oxunub : 336
“Kaspersky Lab” biznes-konfransda kibertəhlükəsizliyinin sirlərini açacaq

“Kaspersky Lab” şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransının tərəfdaşlarından biridir.

Şirkətdən AzVision.az-a verilən məlumatda bildirilir ki, tədbirin ilk günündə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov çıxış edəcək. O, şirkətin sənaye istehsalının təhlükəsizliyi sahəsindəki həlləri və kritik infrastruktur haqqında danışacaq.

Sözügedən konfrans artıq dördüncü dəfə təşkil olunur. Hər il bu tədbir Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistandan hökumət orqanlarının, iri neft emalı zavodlarının və neft-kimya qurumlarının nümayəndələrini, eləcə də mühəndislik və texnoloji şirkətləri bir araya gətirir. Konfransın açılışını Qazaxıstanın energetika üzrə nazir müavini Maqzum Mirzəqalıyev edəcək, iştirakçılar SOCAR-ın istehsal müəssisələrinə ziyarət edə biləcəklər.

Tədbirdə “Kaspersky Lab” şirkətinin neft-qaz sənayesinin üzləşə biləcəyi hədəf hücumlara həsr olunmuş stendi nümayiş etdiriləcək. Dəmiryol estakadası modeli nümunəsində konfrans iştirakçılarına mümkün kiberhücum ssenariləri təqdim olunacaq (texniki prosesin dayanması, rezervuarın daşması, nasosun sıradan çıxması və s.). Bundan başqa, stenddə bu cür hadisələrin qarşısının alınması yolları haqqında da məlumat veriləcək.

“Bu konfrans – sözsüz ki, regionun neft-qaz sənayesindəki aktual məsələləri və bizim üçün də böyük əhəmiyyət daşıyan inkişaf perspektivləri müzakirə olunan ən mühüm işgüzar platformadır. Günü gündən artan və daha da aktuallaşan kibertəhlükələri nəzərə alsaq görərik ki, istənilən qurumun səmərəli işinin başlıca amili istehsal proseslərinin təhlükəsizliyinin təmin olunmasından asılıdır. Bizim şirkətimiz dərin ekspert biliklərinə malikdir. Bu cür nüfuzlu bir konfransda neft emalı və neft-kimya sənayesində kibermüdafiənin əhəmiyyəti və xüsusiyyətləri haqqında məlumat verməkdən böyük məmnuniyyət duyacağıq”, - deyə Andrey Suvorov bildirib.

“Kaspersky Industrial Cyber Security” həlli xüsusi olaraq mürəkkəb sənaye mühitlərinin müdafiəsi üçün yaradılıb. Bu həll müəssisənin tələblərinə müvafiq olaraq yüksək uyğunlaşma xüsusiyyəti ilə fərqlənir. Onun əsasında kibertəhlükəsizlik sahəsində uzun illərin təcrübəsi, texnoloji proseslərin avtomatik idarəolunması sistemində yarana biləcək boşluqların təbiətini dərindən anlama və beynəlxalq müdafiə qurumları ilə sıx əməkdaşlıq dayanır.

AzVision.az


Teqlər: Kaspersky