Azərbaycan BMT-də sədrlik edəcək

Azərbaycan BMT-də sədrlik edəcək
  21 Sentyabr 2013    Oxunub:1182
Rəsmi Bakı BMT-nin iclaslarında əsas diqqəti beynəlxalq ictimaiyyəti narahat edən məsələlərə yönəldəcək
Suriyadakı böhran, həmçinin Ermənistanın işğal etdiyi ərazilərimizə dair məsələyə yönəldəcək.

BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilmiş Azərbaycan oktyabrın 1-dən artıq ikinci dəfədir ki, bir ay müddətinə bu mötəbər quruma sədrlik edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyir ki, Azərbaycan Təhlükəsizlik Şurasında müzakirə olunacaq sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir.

Azərbaycanın bütün bu məsələlərlə bağlı öz mövqeyi var. Ölkəmizin Təhlükəsizlik Şurasına sədrliyi göstərir ki, Azərbaycanın mövqeyilə hesablaşılır və Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələrdəndir.

BMT Baş Assambleyası 68-ci sessiyanın gündəliyinə isə təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərə nəzarət, beynəlxalq terrorçuluqla mübarizə kimi məsələləri əhatə edən maddələr salınıb. Sessiyada Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışında beynəlxalq ictimaiyyəti narahat edən məsələlər - Suriyadakı böhran, həmçinin işğal altında olan ərazilərimizə dair məsələyə toxunacaq. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı iki məsələ salınıb.

BMT Baş Assambleyasının 68-ci sessiyasında iki qətnamə layihəsi var. Bu, işğal olunmuş ərazilərimizdə vəziyyətə dair məsələ və GUAM ölkələri ərazilərində həll olunmamışq münaqişələrdir. Azərbaycan Dağlıq Qarabağ məsələsini bu dəfə də beynəlxalq ictimaiyyətin diqqətinə gətirəcək.

BMT Baş Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, müvafiq tədbirlərdə iştirak edəcək. Sessiya müxtəlif ölkələrin nümayəndə heyətləri arasında əlaqələndirmə işinin aparılması və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əlverişli fürsət hesab edilir.


Teqlər:  





Xəbər lenti