Zahid Qaralov: “Hər bölgədə yüksək inkişafın şahidi oluruq”

  21 Sentyabr 2013    Oxunub : 980
Zahid Qaralov: “Hər bölgədə yüksək inkişafın şahidi oluruq”
Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri, Partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralovun sədrliyi ilə təşkil olunan təbliğat-təşviqat kampaniyası çərçivəsində Bibiheybət qəsəbəsinin sakinləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədov, YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Fərəcov, rayonun Qadınlar şurasının sədri Nübar Muxtarova və digər şəxslər iştirak edib.

Görüşdə seçkilərə hazırlıq və cənab Prezident İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında ətraflı məlumat verilib. YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ideologiyanı, siyasəti, ölkəmizin inkişaf proqramını uğurla davam etdirib: “Bu barədə xeyli sayda yazılar dərc olunub. Eləcə də televiziya və radioda verilişlər gedib. Əgər biz ölkəmizin 20 il bundan öncəki tarixinə nəzər salsaq görərik ki, Azərbaycanda özbaşınalıq, dərəbəylik hökm sürürdü”.

Zahid Qaralov bildirib ki, hazırda ölkəmizin hər bir yerində, bölgəsində gedən inkişafın, aparılan uğurlu islahatların şahidi ola bilərik: “Buna ölkəmizdə inkişaf edən bütün sahələri (iqtisadiyyat, mədəniyyət, siyasət və s.) nümunə olaraq göstərə bilərik. Demək olar ki, Azərbaycan kökündən dəyişib. Bura tək paytaxt Bakını deyil, eləcə də Azərbaycanın ən ucqar kəndlərini şamil edə bilərik. Hazırda ölkəmiz nəinki özünü elektik enerjisi ilə təmin edir, hətta bu enerjini xarici ölkələrə belə ixrac edir. Ölkəmizdə işsizliyin səviyyəsi xeyli dərəcədə aşağı düşüb, quldur dəstələri tədricən sıradan çıxarılır və s. Biz bütün bunları nəzərə alaraq növbəti dəfə cənab Prezident İlham Əliyevi 9 oktyabr 2013-cü ildə keçiriləcək seçkilərdə YAP-ın namizədi olaraq irəli sürmüşük. Əminik ki, məhz sizlərin dəstəyi ilə hakim partiya yenə də qalib olacaq”.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, bu gün Azərbaycanda 100-dən çox partiya mövcuddur: “Cəbhədən törənən bu partiyalar parçalana-parçalana, bir-birlərini didə-didə gedirlər. Onlar 20 ildir ki, ancaq Azərbaycanı pisləməklə məşğuldurlar. Həmin insanlar yalan məlumatları xaricə göndərirlər və sonradan onu ölkəmizə gətirərək dərc etdirməyə başlayırlar. Xarici təşkilatlardan ölkəmizin ünvanına hər hansı mənfi irad olan ki, həmin insanlar ortalığa çıxaraq haqlı olduqlarını bildirirlər. Onlar çox tərbiyəsiz və etikadan kənar qəzetlər çap etdirirlər. Həmin insanlar ən böyük cinayətkarı belə siyasi məhbus kimi qələmə verirlər”.

ADPU rektoru Yusif Məmmədov keçirilən görüşlərdə hər kəsin birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəklədiyini söyləyib. O, bildirib ki, müxalifət tərəfindən gözlərimizin önündə baş verən hər bir hadisəni gərək bizlər gənclər arsında düzgün qiymətləndirək: “Möhtərəm Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işləri hər kəs bilir və bunu bəyənir. Biz Azərbaycanın həm mərkəz şəhərlərinin, həm də regionlarının necə inkişaf etdiyinin şahidiyik. Eləcə də mən bir elm, təhsil işçisi kimi deyə bilərəm ki, Azərbaycanın əldə etdiyi uğurları, nailiyyətləri sözlə ifadə etmək belə çox çətindir. Amma dağıdıcı müxalifət qüvvələri keçmişdə olduğu kimi indinin özündə də ancaq populist çıxışlarla insanları öz fikirlərindən yayındırmağa çalışırlar. Bu insanlar heç bir zaman son 10 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar haqqında söhbət açmayıblar. Hesab edirəm ki, bu inkişafı, uğurları görməmək zəiflikdən, cahillikdən irəli gəlir”.

Daha sonra YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Fərəcov söz alaraq son 10 il ərzində gənclər sahəsində qazanılan uğurlardan, dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, YAP-ın hər bir fəal gənci cənab Prezident İlham Əliyevin gənclərlə bağlı apardığı siyasəti dəstəkləyir və onu növbəti 5 ildə də özünün prezidenti kimi görmək istəyir: “Gənclər qarşısında çıxış edərkən çalışmışam ki, söylədiklərim faktlara əsaslansın. Ümumiyyətlə, Azərbaycan əhalisinin 50 faizindən çoxunu gənclər təşkil edir. Eləcə də YAP-ın üzvlərinin və hakim partiyanın Səbail rayon təşkilatının 50 faizindən çoxu gənclərdir. Biz müxalifətdə olan gəncləri öz gənclərimizdən ayırmırıq. Onların hər biri bizim bacı və qardaşlarımız, Azərbaycan övladlarıdır. Lakin burada sağlam və sağlam düşüncəyə malik olmaqdan uzaq olan gənclər mövcuddur. Məhz həmin müxalifət dairələri çalışırlar ki, gənclərin əli ilə qeyri-etik hərəkətlərə yol versinlər. Amma çox təəsüflər olsun ki, biz də bunların şahidi oluruq”.

Sonda Bibiheybət sakinləri 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Teqlər: