Britaniyalı nazir Brüsseldən səsləndi: “Bu, Azərbaycan üçün önəmli addımdır”

  24 Noyabr 2017    Oxunub : 1606
Britaniyalı nazir Brüsseldən səsləndi: “Bu, Azərbaycan üçün önəmli addımdır”

"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında sıx əməkdaşlıq bu ölkənin əhalisi üçün böyük əhəmiyyətə malik islahatların keçirilməsində önəmli addım olacaq"

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bu fikirləri Britaniya parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti öncəsi çıxışı zamanı bildirib.

"Azərbaycan və Böyük Britaniya BP-nin rəhbərliyi ilə Xəzər dənizi regionunda neft-qaz sənayesi inkişafı istiqamətində götürdükləri öhdəlikləri yerinə yetirməyə davam edir. Bakı-Tbilisi – Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi son 25 ildə Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin səmərəliliyini göstərir. Məhz bu infrastruktura yatırılan investisiyalar Azərbaycana ilk dəfə öz tarixində həqiqətən də müstəqil, suveren ölkə kimi çiçəklənməyə imkan verdi.

Bizim mədəniyyət və təhsil səviyyəsində əlaqələrimiz heyrətləndirici sürətlə inkişaf edir. Azərbaycanda olan gənclərin əksəriyyəti ingilis dilini öyrənməyə və ya Böyük Britaniya universitetində təhsil almağa, Azərbaycanda fəaliyyət göstərən 450-dən çox Böyük Britaniya şirkətində işləməyə çalışır. Mən əminəm ki, bizim mədəniyyət, ədəbiyyat, musiqi, ali təhsil və idman sahələrində əlaqələri inkişaf etdirməklə insanlarımız arasında da əlaqələrimiz inkişaf edəcək.

Biz gələcək üçün qarşımıza daha ambisiyalı hədəflər qoymalıyıq. Biz Azərbaycana müasir, özünəəmin, çiçəklənən, liberal və demokratik ölkələr siyahısında yer almağa yardım etmək istəyirik. Bax, buna görə, biz hesab edirik ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında daha sıx əməkdaşlıq Azərbaycan əhalisi üçün çox böyük əhəmiyyətə malik islahatların keçirilməsində önəmli addım olacaq".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Britaniya   Azərbaycan   Sammit