“Şərq Tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edildi

“Şərq Tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edildi
  24 Noyabr 2017    Oxunub:3923
Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.
Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb.

Həmçinin sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

Bir sıra mütəxəssislərin fikrincə, Brüssel Sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ai   Şərq-Tərəfdaşlığı  





Xəbər lenti