`Əlillər Cəmiyyətinə seçki olsaydı, Cəmil Həsənliyə səs verərdim`

`Əlillər Cəmiyyətinə seçki olsaydı, Cəmil Həsənliyə səs verərdim`
  21 Sentyabr 2013    Oxunub:1687
`Əgər Əlillər Cəmiyyətinin sədri vəzifəsinə seçkilər keçirilərsə, mən səsimi Cəmil Həsənliyə verəcəyəm`. Bunu AzVision.az-a akademik Nizami Süleymanov prezident seçkilərindən danışarkən deyib. Akademik bildirib ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli Əlillər Cəmiyyətinə olan seçkilərlə prezident seçkisini səhv salıb.

`YAP-ın prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov teledebatda bir sənəd göstərdi. O sənəddə Cəmil Həsənlinin vaxtından əvvəl əlilliyə görə təqaüdə çıxması təsdiq olunub. Mən bilirəm ki, elə bir xəstəliyə görə insanları heç əsgərliyə də aparmırlar. İkincisi də, Azərbaycan xalqı özünə dövlət başçısı seçir, Əlillər Cəmiyyətinin sədri yox. Əgər Əlillər Cəmiyyətinin seçkisi olsa idi, mən canla-başla hörmətli Cəmil müəllimə səs verərdim. Görünür, Cəmil müəllim yerləri bir az səhv salır. Ona verilən sənəddə də yazılıb ki, gözündəki problemə görə Cəmil Həsənliyə az, məhdudiyyətli iş rejimi olan işlərdə çalışmaq olar. Yaşlı adamdır, hörmətim var, alimdir. Amma deyəsən o, yerləri dəyişik salıb. Dövlət başçısı ali baş komandandır. Əlillər Cəmiyyəti deyil”,- deyə Nizami Süleymanov bildirib.

Akademik daha sonra bildirib ki, “Onun əlilliyinə görə ayda iki min manat pul kəsiblər. Konkret də yazırlar ki, bu insan ağır işdə işləyə bilməz. Hansı mənəvi və hüquqi əsasla Cəmil Həsənli prezident postuna iddia edir? Bu, 9 milyon yarım xalqı ələ salmaq deməkdir. Əlilsən, get əlillərə aid bir iş ilə məşğul ol. Dünyanın bir çox yerində qanunla prezidentliyə namizəd olan insanlardan sağlamlıq kağızı tələb olunur. Hətta mən deyərdim ki, bəlkə Cəmil Həsənli Milli Şuranı da aldadıb. Onların da heç xəbəri olmayıb ki, bu adam əlildir. Əvvəlcə qabağa Rüstəm İbrahimbəyovu, sonra da bunu verdilər. İbrahimbəyov Milli Şura üzvülərinin London səfərinə heç gedə də bilmədi. Dedi böyrəyində daş var. Əgər İbrahimbəyov prezident seçilsə və BMT-də dövlət başçılarının iclasına dəvət olunsa idi, nə edəcəkdi? Götürüb Ban Ki Muna zəng edəcəkdi ki, “sən Allah, məni bağışla, mən gələ bilmirəm, böyrəyimdəki daşlar tərpənib, ağrıyıram”?! Bu xəstə namizədləri hardan tapırlar, mən başa düşmürəm. Konkret həkim yazıb ki, əlildir, ağır işdə işləyə bilməz. Ola bilər, Cəmil Həsənli hesab edir ki, prezident postu ən yüngül işdir, o başqa məsələ. Onda səhv edir. Bu postda mən ona deyil, İlham Əliyevə səs verəcəyəm`.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti