Amnistiya başa çatdı

Amnistiya başa çatdı
  22 Sentyabr 2013    Oxunub:1191
Fuad Ələsgərov: `Bu, ən böyük Amnistiya olmaqla 10.040 məhkuma şamil edilib`

`Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm və mərhəmət prinsiplərinə söykənən təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin milli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul etdiyi 2013-cü il 7 may tarixli Amnistiya qərarının icrası uğurla başa çatdırılıb`.

Bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsindəndir. O bildirib ki, milli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul olunmuş bu Amnistiya qərarı əhatə dairəsinə görə ən böyük Amnistiya aktıdır.

Amnistiyanın icrasının yekunlarına dair aparılmış ümumiləşdirmə və təhlillər nəticəsində həmin aktın 10.040 məhkuma tətbiq olunduğu müəyyən edilib.

Amnistiya nəticəsində 2268 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 566 nəfərin çəkilməmiş cəzası altı ay azaldılıb, 4332 nəfər islah işləri cəzasından, 58 nəfər ictimai işlər cəzasından, habelə maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 1.929.828 manat məbləğində cəriməni ödəyə bilməyən 2447 məhkum cərimə cəzasından azad edilib.

İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 82 hərbi qulluqçu da amnistiyaya düşərək azadlığa buraxılıb.
Bundan əlavə, şərti məhkum edilmiş, yaxud cəzasının çəkilməsi təxirə salınmış 287 nəfər müvafiq cəzalardan azad edilib.

Ümumilikdə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 10 amnistiya aktı 106 mindən çox şəxsə tətbiq edilib, o cümlədən, təxminən 27 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.

`Amnistiya aktının tətbiqi cəzadan azad edilmiş məhkumların islah olunmalarına müsbət təsir göstərəcəyinə inam yaratmaqla cəmiyyətdə böyük rəğbətlə qarşılanıb, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin etibarlı təminatına xidmət edib`,- deyə Fuad Ələsgərov vurğulayıb.


Teqlər:  





Xəbər lenti