Bərdədə seminar-müşavirə keçirilib

Bərdədə seminar-müşavirə keçirilib
  28 Noyabr 2017    Oxunub:1410
Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bərdədə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
AzVision.az xəbər verir ki, müşavirədə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Ramazan Hüseynov, eləcə də din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bərdə RİH başçısının müavini Fəqət Şadlinskaya dövlət-din münasibətlərindən danışıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidirr ki, ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, müasir dövrümüzdə dini radikalizm, ekstremizm və terrorizmin ağır nəticələrindən daha çox müsəlman ölkələri əziyyət çəkir. Zəngin təbii sərvətlərə baxmayaraq müsəlman ölkələrinin iqtisadi inkişafı heç də istənilən səviyyədə deyil. Bunun da başlıca səbəblərindən biri qarşılıqlı münasibətlərin zəif olmasıdır. Prezident İlham Əliyev tərəfindən atılımış həmrəylik təşəbbüsü də müsəlman dünyasına vəhdət, həmrəylik mesajıdır. Cənab Prezidentin İslam həmrəyliyinin Azərbaycan nümunəsini yaratdığını deyən sədr müavini Azərbaycan xalqının son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru orta yol formalaşdırdığını qeyd edib. Bildirib ki, bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir.

S.Salahlı İslamın zorakılığa, terrorizmə qarşı olduğunu və insanlar arasında sevgini, hörməti, anlayışı təbliğ etdiyini vurğulayıb. O, cəmiyyət üçün təhlükəli olan zərərli dini cərəyanların qarşısının alınması üçün dini maarifləndirməyə böyük ehtiyac olduğunu bildirib və bu məqsədlə Prezident cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı Sərəncamı yüksək qiymətləndirib. Natiq, həmçinin İslam həmrəyliyinin təbliğində və dini radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb.

QMİ-nin bölgə qazısı Ramazan Hüseynov çıxışında dini radikalizmin və ekstremizmin İslam həmrəyliyi və vəhdətinə təhlükə olduğunu və dini radikalizm və ekstremizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

AzVision.az


Teqlər: Bərdə   Komitə  





Xəbər lenti