Şəxsiyyət vəsiqəsinin rüsumu 3 dəfə artırıldı

  01 Dekabr 2017    Oxunub : 704
Şəxsiyyət vəsiqəsinin rüsumu 3 dəfə artırıldı

Azərbaycanda ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin itirilməsi, eləcə də korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar artırılıb.

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin yenidən verilməsinə görə rüsum sənəd 10 iş günü ərzində verildikdə 5 manatdan 15 manata, 3 iş günü ərzində verildikdə 25 manatdan 35 manata, 1 iş günü ərzində verildikdə isə 35 manatdan 45 manata çatdırılıb.

Bundan başqa, ümumvətəndaş pasportunun yenidən verilməsinə görə rüsumun məbləği sənəd 10 iş günü müddətində verildikdə 1 yaşa qədər uşaqlar üçün 20 manat (hazırda 10 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlar üçün 30 manat (hazırda 20 manatdır), 3 yaşdan 18 yaşa qədər uşaqlar üçün 40 manat (hazırda 30 manatdır), 18 yaşdan yuxarı vətəndaşlar üçün 50 manat (hazırda 40 manatdır) müəyyən edilib.

Rüsumun məbləği xarici posport 5 iş günü ərzində verildikdə 1 yaşa qədər uşaqlar üçün 30 manat (hazırda 20 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlar üçün 50 manat (hazırda 40 manatdır), 3 yaşdan 18 yaşa qədər uşaqlar üçün 70 manat (hazırda 60 manatdır), 18 yaşdan yuxarı vətəndaşlar üçün isə 90 manat (hazırda 80 manatdır) müəyyənləşdirilib.

Rüsumun məbləği ümumuvətəndaş pasportu 1 iş günü müddətində isə 1 yaşa qədər uşaqlar üçün 50 manat (hazırda 40 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlar üçün 90 manat (hazırda 80 manatdır), 3 yaşdan 18 yaşa qədər uşaqlar üçün 130 manat (hazırda 120 manatdır), 18 yaşdan yuxarı vətəndaşlar üçün isə 170 manat (hazırda 160 manatdır) müəyyən olunub.

Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi itirilmə və yaxud korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: pasport