“Ermənistanın apardığı etnik təmizləmə haqqında sənədlər aşkarlamışam” – Fransalı tarixçi (MÜSAHİBƏ)

“Ermənistanın apardığı etnik təmizləmə haqqında sənədlər aşkarlamışam” – Fransalı tarixçi (MÜSAHİBƏ)
  01 Dekabr 2017    Oxunub:9639
Maxim Qauin (Maxime Gauin) fransız tarixçisidir. Hazırda Türkiyədə Avrasiya Araşdırmaları Mərkəzində işləyir. Müntəzəm olaraq ermənilərin əleyhinə yazılar yazır. Buna görə Erməni lobbisinin hücumlarına məruz qalır.
Maxim Qauin ona qarşı təhqir və böhtan kampaniyası apardıqlarına görə Fransada fəaliyyət göstərən Armenews saytının baş redaktoru, vaxtilə ASALA terror təşkilatının sözçüsü olmuş Ara Toranyan ilə yazıçı Samuel Tilbianı məhkəməyə verib. Səbəb budur ki, tarixçi 1915-ci il hadisələrinə “soyqırım” deyilməsinə qarşı olduğu üçün saytda onun haqqında təhqir və iftira xarakterli yazılar dərc ediliblər. Həmin yazıların müəllifi olan Samuel Tilbian Qarabağda döyüşmüş ASALA terrorçusu Melkonyanın pərəstişkarıdır və Azərbaycan əleyhinə yazılar yazır.

Maxim Qauin AzVision.az-a müsahibəsində ermənilərlə mübarizəsinə dair bəzi maraqlı məqamlardan danışıb.

- Araşdırmalarınız əsasən hansı mövzuları əhatə edir?

- Araşdırmalarımın əsas mövzusu 1918-ci ildən 1923-cü ilə qədər olan dövrdə Fransa Respublikası ilə Erməni komitələri arasındakı əlaqələr, həmçinin Osmanlı dönəmindən günümüzə qədər Türkiyə-Fransa münasibətləridir

- Ermənilər əleyhinə olan fikirlərə necə gəldiniz?

- Öz mövqeyimi anti-Ermənistan olaraq qiymətləndirmirəm. Mən erməni millətçiləri barəsində mənfi nəticələrə gəldim, amma xoşbəxtlikdən, bu insanlar bütün bir xalqı təmsil etmirlər. Tarix boyu onlar öz vətəndaşlarını da terrora məruz qoyublar. Misal üçün, 1912-ci ildə Vanın meri, İttifaq və Tərəqqi Partiyasının tərəfdarı Bedros Kapamaciyanın qətlə yetirilməsini göstərə bilərəm. Yaxud, 1987-ci ildə Vigen Tsarxutyanın (Vicken Tcharkhutian) ASALA-nın xeyrinə Amerika ermənilərindən zorla pul almasını xatırlatmaq olar. Ən yeni misallara nəzər salsaq, Ermənistanda hökumətin seçki saxtakarlığı ilə hakimiyyətdə qaldığını bilirsiniz. 2008-ci ildə bu saxtakarlığı pisləyən 10 nümayişçi polis tərəfindən soyuqqanlılıqla güllələndi.
İşimlə bağlı gəldiyim nəticələrdə tamamilə tərəfsizəm və mövqeyimi arxiv faktları ilə mümkün qədər çox əsaslandırıram.
Eyni zamanda, tarixçi kimi deyil, bir vətəndaş kimi də azərbaycanlılara və türklərə qarşı edilən ədalətsizlikləri görür və vurğulayıram.

- Ermənilərlə mübarizənizin əvvəlki mərhələlərində nələr baş verib?

- Yenə də bu, “ermənilərə” qarşı yox, türklərə, azərbaycanlılara və onlar kimi düşünməyən hər kəslə yanaşı, öz xalqına da zərər vuran ekstremistlərə qarşı mübarizədir. İlk mərhələ 2008-ci ildə Lionda, Villörbanda üzləşdiyim təhqir oldu. “Erməni İnqilabi Federasiyası” partiyası haqqında bəzi tarixi gerçəkləri və “erməni soyqırımını” təkzib edən arqumentləri xatırlatdığım üçün məni yəhudiləri Auşvits düşərgəsinə göndərənlər ilə müqayisə etmişdilər. Bu təhqirin müəllifini məhkəməyə verdim. Lion məhkəməsi 2010-cu ildə onu cəzalandırdı. 2010-cu ildə müasir tarix üzrə magistr dərəcəsi aldım. O zamandan bəri bəzi qəzetlərdə, xüsusən İsrail mətbuatında nəşr edilən elmi məqalələrim ekstremistlərin mənə qarşı nifrətini daha da gücləndirib.

- Ermənilərin tarixi necə saxtalaşdırmağı haqqında getdikcə bütün dünyada açıq danışmağa başlayırlar. Sizin diqqətinizi bu istiqamətdə nələr çəkir?

- Bir daha qeyd edim ki, bunlar ümumilikdə “ermənilər” deyil, siyasi strukturlar və onlara yaxın olan şəxslərdir. Araşdırmam çərçivəsində aşağıdakı saxtakarlıqları aşkar edə bilmişəm:

a) Fransa Adana, Gaziantep və s.-in işğalı zamanı “Ermənilərə xəyanət etməkdə”, Türkiyə isə onları deportasiya etməkdə, hətta öldürməkdə günahlandırılır. Əslində isə Fransaya xəyanət edən milliyətçi erməni komitələri idi. Onlar fransız mandatını dəstəklədiklərini iddia edirdilər, lakin əslində “Qarabağdan Mərsinə qədər uzanan Ermənistan” üçün Amerika və ya İngiltərə himayəsi axtarırdılar. Məhz o milliyyətçi komitələr 1921-ci ilin sonunda ermənilərin regiondan kütləvi şəkildə köçürülməsinə səbəb oldular. 1919 və 1920-ci illərdə öldürülən türkləri də xüsusilə xatırlatmaq istərdim.

b) Türklər 1922-ci ildə İzmiri yandırmaqda günahlandırılırlar. Bu, absurddur. Əslində, Qərbi Anadolunun bir çox şəhər və kəndlərinin yandırılmasını təşkil edən yunan komandiri eyni şeyi İzmirdə edə bilməyəcəyini anlayır və bu vəzifəni türklərə aid hər şeyi məhv etməyə hazır olan erməni millətçilərinə tapşırır.

c) Ermənistanın özündə 1918-ci ildən 1920-ci ilə qədər aparılan etnik təmizləmə siyasəti gizlədilir və yaxud, “erməniləşdirmə” adlandırılır. Mən Fransız və Amerika arxivlərində bu kütləvi qırğınlar və sürgünlərin çox aydın təsvir olunduğu sənədlər tapmışam. Həmçinin 1920-ci ildə Ermənistanın daxili işlər naziri olmuş və həmin ildə baş vermiş qırğın və sürgünlərə görə böyük məsuliyyət daşıyan Ruben Ter Minasyanın fransız dilinə tərcümə edilmiş xatirələri ilə tanış olmuşam. Lakin tərcüməçilər 1920-ci ili əhatə edən hissəni tərcümə etməyiblər və erməni dilində olan orijinal versiyanı əldə etmək çox çətindir: bütün tiraj milliyətçi fəallara satılıb.

Bundan başqa, Osmanlı imperiyasına, Almaniyaya və s. məxsus sənədlərin ermənilərin dediklərinə uyğun olması üçün necə vicdansızcasına təhrif edildiyini göstərmək olar. Məsələn, 29 avqust 1915-ci ildə Daxili işlər Naziri Tələt Paşa tərəfindən göndərilən teleqram “genosid”in sübutu kimi təqdim edilir. Əslində isə teleqramda digərləri kimi köçürülmüş osmanlı ermənilərinin qorunması və onlara hücum edənlərin cəzalandırılması tapşırılır.

- Bu yaxınlarda “Nouvelles d'Arménie” saytının baş redaktoru, ASALA ilə bağlı olan şəxs - Ara Toranyan və erməni diasporunun Lion bölgəsindəki xəzinədarı Samuel Tilbiyana qarşı məhkəmə iddiası irəli sürmüşdünüz. İddianızın səbəbi nədir?

- Onlar məni Holokostu inkar edənlərlə müqayisə ediblər. Bu, utancvericidir. Tilbiyan həmçinin məni “faşist” adlandırıb və hətta nasistlərlə müqayisə edib. Dəhşətlidir.

- Məhkəmə prosesi nə dərəcədə ədalətli oldu? Ara Toranyanın Fransadakı nüfuzu məhkəmənin qərarına müəyyən dərəcədə də olsun, təsir edə bilərdimi? Ölkənizin ədliyyə sisteminə etibar edirsinizmi?

- Məhkəmənin qərarının noyabrın 28-də verilməsinə baxmayaraq, hələ mətni əldə etməmişəm. Məhkəmə 2010-cu ildə Lionda oxşar işə baxmışdı; 2013-2014-cü illərdə Parisdə “Sirma Oran Loren Leylekyana qarşı” adlı proses olmuşdu; bu presedentləri nəzərə alanda, indi necə fərqli qərarın çıxarıldığını başa düşə bilmirəm. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsində “Perincək İsveçrəyə qarşı” presedenti var. Mən Apellyasiya məhkəməsinin verəcəyi qərara etibar edirəm.

- Fransada erməni lobbisi Azərbaycan əleyhinə geniş təbliğat aparır və ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışır. Erməni lobbisini Fransada bu qədər güclü edən nədir?

- Fransada erməni nasionalizminin gücünün əsas səbəblərindən biri türklərin passivliyidir. Türk mühacirlərin uşaqları təhsil səviyyəsinə görə sonuncu pillədədirlər. Öz fikrini səlis fransız dilində izah edən türk miqrantlarla nadir hallarda rastlaşmaq olur. Siyasətlə maraqlanmayan, fransız dilində 300-400 söz bilən fəhlələrlə, kababçılarla hansı siyasi fəaliyyətləri həyata keçirə bilərsiniz ki? Franko-azərbaycanlılar daha təhsillidirlər və daha yaxşı təşkilatlanıblar, lakin sayları çox deyil.

Günel İbrahimova
AzVision.az



Teqlər: #Tarix   #Erməni-saxtakarlığı  





Xəbər lenti