Payızda “Xəzər həftəsi”
Ekoloji təqvimə daxil edilmiş “Beynəlxalq Dəniz günü”nün davam etdiyi müddətdə ETSN-in mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək. 23-28 sentyabr 2013-cü il tarixlərində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.
“Beynəlxalq Dəniz günü” münasibətilə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.