Rusiya XİN-dən nazirlərin müşavirəsinə şərh

  02 Dekabr 2017    Oxunub : 774
Rusiya XİN-dən nazirlərin müşavirəsinə şərh

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-5-də Moskvada keçiriləcək müşavirəsini şərh edib.

Rusiya XİN-in saytında dərc edilmiş materialda deyilir: “Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələrinin başçılarının budəfəki görüşü sayca yeddinci olacaq. Nazirlər əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlığı və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər”.

Departamentin şərhində daha sonra qeyd edilir ki, müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək Beşinci Xəzər sammitinə hazırlıqdır.

Şərhdə vurğulanır: “Rusiyada “Xəzər beşliyi” çərçivəsində etimada əsaslanan, ənənəvi dostluq xarakteri daşıyan dialoqu yüksək qiymətləndirir, Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın mətninin tezliklə razılaşdırılmasını və Xəzər boyunca yerləşən qonşu ölkələrin qarşılıqlı faydalı əlaqələrinin daha da genişləndirilməsini prioritet məsələ hesab edirlər”. (AzərTAc)

AzVision.az

Teqlər: Rusiya   XİN