Azərbaycan-Türkiyə-Pakistan hərbi birliyi - İrəvan təlaş içindədir

Azərbaycan-Türkiyə-Pakistan hərbi birliyi - İrəvan təlaş içindədir
  03 Dekabr 2017    Oxunub:10628
Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər. Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif bu barədə Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Pakistanlı nazirin təklifi Azərbaycan və Türkiyədə müsbət qarşılanıb.
Bildiyimiz kimi, Azərbaycan hər iki ölkə ilə - Türkiyə və Pakistanla digər sahələrdə olduğu kimi hərbi sahədə də sıx əməkdaşlıq edir. Birgə hərbi müəssisənin yaradılması əlaqələri daha da gücləndirəcək. Bu səbəbdən İrəvan ciddi narahat olmağa başlayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bu təkliflə bağlı AzVision.az-a bildirib ki, islam dövlətləri arasında Pakistan və Türkiyə hərbi imkanlarına görə böyük inkişaf yolu keçib. Bu ölkələrlə əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir.

Millət vəkili qeyd edib ki, Pakistan və Türkiyə Azərbaycanın siyasi müstəqilliyini ilk tanıyan dövlət kimi hər zaman ölkəmizə hərbi və siyasi dəstəklərini əsirgəməyiblər:

“Yüksək səviyyədə olan münasibətlər hərbi sənaye kompleksi formalaşdırmaq qərarı ilə müşayiət olunur. Pakistanın hərbi imkanları kifayət qədər güclüdür. Silahlı qüvvələr hər zaman bu ölkənin həyatında önəmli yer tutub. Pakistan bu gün modern silahlara malikdir. Bu baxımdan Pakistan, Türkiyə və Azərbaycan birgə müxtəlif xarakterli silahların hazırlanmasında əhəmiyyətli addımlar ata bilər”.



Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycanın hər iki ölkənin imkanlarından yararlanması müsbət haldır: “Pakistan ordusu sayına görə dünyada 7-ci yeri tutur və arsenalında nüvə başlıqlı silahlar mövcuddur. Bizim region üçün isə müxtəlif silahlar əldə etmək çox vacibdir. Xüsusilə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri önəmlidir. Bu sistemlərin hər ikisi Pakistanda kifayət qədər yüksək imkanlara sahibdir. Həmçinin pilotsuz uçuş aparatlar sistemi bu ölkədə çox inkişaf edib. Silahlar haqqında yüksək fikirləri Türkiyə haqqında da demək olar. Hesab edirəm ki, birgə əlaqələr geniş imkanlar yarada bilər. Bu, həm də beynəlxalq silah bazarına müxtəlif modernləşdirilmiş hərbi texnikaların çıxarılması üçün önəmli layihədir. Üç dövlət arasındakı qərar regional imkanlarımızı da gücləndirəcək”.



Z.Oruc əlavə edib ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi Ermənistanda böyük narahatlıqla qarşılanıb: “Ermənistan üç dövlətin birgə formalaşdırdığı əlaqələrin gələcəkdə daha irəliyə gedəcəyindən qorxur. Birgə hərbi birləşmələrin və bu kimi işlərin həyata keçiriləcəyini ehtimal edirlər. Erməni tərəfi bundan narahatlıq keçirdiyini dilə gətirir. Digər tərəfdən müxtəlif hərbi ekspertlər Ermənistan Xarici İşlər Nazirliyinə tələblər irəli sürür ki, onlar Hindistanla əlaqələri gücləndirsinlər. Bunu Azərbaycana mesaja vermək istəyirlər. Pakistanın Ermənistanın müstəqilliyini tanımaması, hər zaman Azərbaycanın haqq işinə dəstək verməsi, eyni zamanda Qarabağ müharibəsində hərbi qüvvələr səviyyəsində iştiraka hazır olduğunu ifadə etməsi bizim mövqeyimizi gücləndirir, siyasi imkanlarımızı artırır. Ermənistan artıq bundan ciddi narahat olmağa başlayıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Pakistan   Hərbi  





Xəbər lenti