ATƏT Qarabağdakı vəziyyətdən ciddi narahatdır

ATƏT Qarabağdakı vəziyyətdən ciddi narahatdır
  07 Dekabr 2017    Oxunub:1911
Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

AzVision.az-ın məlumatına görə, iclasda çıxış edən ATƏT-in sədri Sebastyan Kurts bildirib ki, bu il qurumun məkanında münaqişələrin nizamlanması məsələsində müsbət irəliləyişlər olub. Onun sözlərinə görə, ATƏT məkanında etimadı bərpa etmək zəruridir.
S.Kurts radikallaşmaya və ekstremizmə qarşı ATƏT-in iştirakçı ölkələrinin birgə mübarizə aparmalı olduğunu qeyd edib. O, təhlükəsizliyin gücləndirilməsi üçün üzv ölkələri daha sıx əməkdaşlığa çağırıb. S.Kurts eyni zamanda, bu il təşkilatda kadr dəyişiklikləri ilə bağlı əldə olunan razılaşmanı yüksək qiymətləndirib və ATƏT dövlətlərinin konsensus əsasında mühüm qərarlar qəbul edəcəyinə ümidvar olduğunu bildirib.

ATƏT PA-nın prezidenti George Tsereteli isə ATƏT məkanında baş verən bütün münaqişələrdən narahat olduğunu və münaqişələrlə bağlı qətnamələrə riayət olunmasını deyib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların artması ciddi narahatlıq yaradır:

“Sülhün əldə olunması və münaqişə tərəfləri arasında etimadın qurulması üzrə tədbirlərin həyata keçirməsi üçün birgə səylər göstərmək lazımdır. Sülh güc yolu ilə deyil, anlaşma yolu ilə əldə edilə bilər”.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

AzVision.az


Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti