Sərgiyə gələnlər arasında millət vəkili, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da var idi. Bizimlə söhbətində millət vəkili ölkəmizdə bu cür beynəlxalq kitab yarmarkalarının keçirilməsindən məmnun olduğunu bildirib: “Biz artıq bu sahədə kifayət qədər böyük bir təcrübə qazanmışıq, bu üçüncü sərgi yarmarkasıdır. Azərbaycan demək olar ki, bütün nüfuzlu beynəlxalq sərgi yarmarkalarında iştirak edib. Əsas odur ki, burada bir neçə göstərici var, Azərbaycanda kitab nəşri həqiqətən yüksək səviyyədədir. Bu sərgi yarmarkalar olduqca yüksək səviyyədədir, burada onlarla nəşriyyat təmsil olunur. Digər bir göstərici isə bizim beynəlxalq aləmə çıxmaq imkanımızdır. Yəni biz dünya kitab nəşri, kitab mədəniyyəti səviyyəsində dayana bilirik və hətta daha yüksəkdə dura bilirik. Həm də bu yalnız sərgi deyil, beynəlxalq yarmarkadır, müqavilələr bağlana bilər, nəşr mübadilələri aparıla bilər, eləcə də qarşılıqlı tərcümə sahəsində razılaşma əldə edilə bilər”.
Kitab bazarında kifayət qədər tanınan Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu belə günlər olanda çox sevindiyini bildirib. “Çünki bir kitab yarmarkasının keçirilməsi kitab sahəsində inkişafın sabitliyini göstərir. Hələ deyə bilmərik ki, nə qədər satış oldu. Amma ümumiyyətlə deyə bilərəm ki, stendin qarşısında insanlar çox olur. Heç kim elə belə ötüb keçmir, maraqlanırlar. Biz hardasa 20 min kitabla nəşriyyatımızı təmsil edirik. Bu keçən il və ondan əvvəlki ilə nisbətən 2 qat artıq göstəricidir. Bu da bizim işimizin daim inkişafa doğru getməsini xəbər verir”.
Qeyd edək ki, kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Sevinc İltifatqızı
Foto - Elnur Muxtar