Rza Zərrab yalan danışdığını etiraf edib

Rza Zərrab yalan danışdığını etiraf edib
  08 Dekabr 2017    Oxunub:3118
Amerikada həbs edilən iş adamı Rza Zərrab "Xalq Bank"ın keçmiş baş direktorunun müavini Hakan Atillanın məhkəməsində yalan söylədiyini etiraf edib.

AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmədə şahid qismində çıxış edən Zərrab Türkiyədə hüquq-mühafizə orqanlarına, “Xalq bank”ın işçilərinə, Hakan Atillaya və Amerikanın Federal Təhlükəsizlik Xidmətinə yalan məlumat verdiyini deyib.
Zərrab şahidliyinin 7-ci günündə Atillanın vəkillərindən olan Cathy Fleming tərəfindən sorğu-sual edilib. O, Rusiya gömrük işçiləri tərəfindən sürücüsünün saxlanılması barədə suala cavab verərkən bildirib ki, həmin insan onun adamı olub, amma sürücüsü olmayıb.

Zərrab ifadəsində Dubay və İran mərkəzi banklarına göndərilmək üçün hazırlanan pulların Rusiya ilə əlaqəsi olmadığını və hər gün nəğd dollar göndərdiklərini bildirib.

Bundan başqa o, Türkiyədə ona qarşı yöndləndirilən ittihamların bəzilərini qəbul edib. Rza Zərrab Türkiyədə İranla bağlı müraciət etdiyi bəzi banklara və İrana əslində getməyən mallar barədə Hakan Atillaya yalan söylədiyini bildirib. O, həmçinin Türkiyədə həbsindən sonra mətbuata verdiyi açıqlamada “qanuna ziddi heç bir şey etmədiyi” barədə açıqlamasını yalanlayıb. Bundan başqa Türkiyəyə kimlər üçünsə qadınlar gətirdiyini söyləyib.

Rza Zərrab yalandan şahidlik etdiyi üçün Türkiyədə ona qarşı “cəsusluq” ittihamına dair istintaqın başladığını vurğulayıb. İş adamı buna görə birinin onu öldürmək üçün təlimat aldığını və həbsxanada üstünə bıçaq çəkdiyini qeyd edib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rza-Zərrab   Amerika   Həbs  





Xəbər lenti